Bakıda IV Beynəlxalq Teatr Konfransı öz işinə başladı

son-1Noyabrın 7-də Mədəniyyət və Turizm Nazirliyi, Teatr Xadimləri İttifaqı və Azərbaycan Milli Elmlər Akademiyasının təşkilatçılığı və Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin dəstəyi ilə Dövlət Musiqili Teatrında “Multikulturalizm və teatr” mövzusunda IV Bakı Beynəlxalq Teatr Konfransı öz işinə başladı.

Bakı Beynəlxalq Teatr Konfransı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2009-cu il 18 may tarixli sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan teatrı 2009-2019-cu illərdə” Dövlət Proqramı”na uyğun olaraq keçirilir. Konfransda 38 ölkədən 150-yə yaxın teatr xadimi, dramaturq, teatr və teatrla bağlı beynəlxalq institutların rəhbərləri iştirak edirlər.

Tədbir iştirakçıları ilk olaraq teatrın foyesində ötən beynəlxalq teatr konfranslarından bəhs edən fotosərgi və Milli Kitabxana tərəfindən təşkil edilən kitab sərgisi ilə tanış oldular.

Təntənəli açılış mərasimi incəsənət ustalarının təqdim etdikləri teatr tamaşalarından səhnələr, musiqi nömrələri, Azərbaycan teatrının mənzərəsini əks etdirən mini-tamaşa ilə başladı. Səhnədə quraşdırılan monitorda Azərbaycan teatrının şanlı keçmişini əks etdirən videomaterial nümayiş olunurdu.son-2

Azərbaycan Respublikasının millətlərarası, multikulturalizm və dini məsələlər üzrə dövlət müşaviri Kamal Abdulla tədbir iştirakçılarını salamladı və Prezident İlham Əliyevin konfrans iştirakçılarına ünvanladığı müraciəti diqqətə çatdırdı. Bildirildi ki, “Multikulturalizm və teatr” mövzusunda keçirilən konfransa toplaşmış görkəmli teatr peşəkarları tədbir çərçivəsində qarşıya qoyulan bir çox məsələlərin həllinə nail olacaqlar. Dostluq, qardaşlıq nümunəsi olan multikulturalizm ideyalarının teatr kimi möhtəşəm mədəniyyət abidəsinin köməyi ilə dünyaya yayılmasına şərait yaradılacaq.

Qeyd olundu ki, dördüncü dəfədir keçirilən konfrans ölkəmizdə elan edilən “Multikulturalizm ili” çərçivəsində reallaşdırılan tədbirlər sırasındadır və Azərbaycanın multikulturalizm modelinin dünyanın teatr xadimləri arasında tanınmasına öz töhfəsini verir. Tanınmış teatr xadimlərinin bir araya gəlməsinin əsas məqsədi teatrın bu günü və gələcək inkişafının əsas istiqamətlərini müəyyənləşdirmək, bütün insanların multikulturalizm və tolerantlıq mühitində yaşaması naminə səylərini birləşdirməkdən ibarətdir.

Mərasimdə çıxış edən mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Azərbaycan teatrının keçdiyi tarixi inkişaf yolundan söz açdı. Bildirdi ki, beynəlxalq əhəmiyyətli tədbirlərin keçirilməsi ölkəmizdə artıq bir ənənəyə çevrilib. Beynəlxalq teatr konfransının əsas məqsədi dünyanın müxtəlif ölkələrindən gəlmiş teatr peşəkarları tərəfindən müasir teatrların imkanlarının və qarşılıqlı əlaqələrinin müzakirə edilməsi, yeniləşən dünyada teatr üçün platforma yaratmaqdır: “Müxtəlif ölkələrdən teatr xadimlərinin yenidən bir araya gəlməsi və belə bir tədbirin Bakıda keçirilməsi bizdə qürur hissi doğurur. Müasir teatr problemlərinin araşdırılması təqdirəlayiq haldır. Bu gün Azərbaycan həm də tolerantlıq və multikultural ənənələri ilə tanınan ölkədir. Respublikamızda yaşayan müxtəlif xalqların nümayəndələri öz ana dillərində danışır və mədəniyyətlərini inkişaf etdirirlər. Biz çox şadıq ki, bu gün Azərbaycan təkcə enerji daşıyıcı ilə zəngin olan bir ölkə kimi deyil, həm də tolerant dövlət kimi tanınır. Çünki ölkəmiz əsrlər boyu çoxmillətli, qonaqpərvər diyar olmuşdur. Tarixən burada yaşayan xalqlar və icmalar özlərini azad, təhlükəsiz hiss etmişlər. Hazırda respublikamızda yaşayan müxtəlif xalqların nümayəndələri ölkənin tamhüquqlu vətəndaşları kimi respublikanın ümumi inkişafında xidmətlərini əsirgəmirlər. Təsadüfi deyil ki, 2016-cı il dövlət başçısı İlham Əliyev tərəfindən “Multikulturalizm ili” elan edilib. Bu kontekstdə həyata keçirilən tədbirlər teatr sahəsini də əhatə edir”.

son-5Nazir qeyd etdi ki, böyük maarifçi Həsən bəy Zərdabi və görkəmli yazıçı Nəcəf bəy Vəzirovun təşəbbüsü ilə 1873-cü ildə Bakıda M.F.Axundzadənin “Lənkəran xanının vəziri” və “Hacı Qara” komediyalarının səhnələşdirilməsi ilə təkcə ölkəmizdə deyil, eləcə də bütün müsəlman Şərqində dünyəvi peşəkar teatrın təməli qoyulub: “O vaxtdan düz 144 il keçir. Bu zaman kəsiyi ərzində Azərbaycan teatrının siması və statusu dəyişib, bədii axtarışları, yaradıcılıq yönümü kamilləşib. Milli teatr sənətinin təkamülündə müstəsna xidmətləri olan görkəmli sənət fədailəri – aktyor və rejissor nəsli yetişib, repertuar siyasəti formalaşıb. Beləliklə də teatr sənəti Azərbaycan xalqının milli mədəni dəyərlərinin qorunması, təbliğ olunması, mütərəqqi ideyaların aşılanması missiyasını həyata keçirməyə başlayıb”.

Əbülfəs Qarayev Azərbaycan dövlətinin teatr sənətinə xüsusi qayğı və diqqət göstərdiyini vurğuladı: “Bunun nəticəsində Azərbaycanın teatr mühitində yeni təsisatlar meydana gəlir, fərqli janr istiqamətinə malik olan səhnə ocaqları yaradılır. Hazırda ölkəmizdə 26 dövlət teatrı fəaliyyət göstərir. Bundan əlavə, yeni yaradılan “Üns” yaradıcılıq səhnəsi, “Bələdiyyə”, “Yuğ” və digər özəl və xalq teatrları fəaliyyətdədir. Azərbaycanda həmçinin rus, ləzgi, gürcü dram teatrları da mövcuddur. Teatra dəstək məqsədilə dövlət başçısı tərəfindən müxtəlif sərəncamlar imzalanır, dövlət proqramları həyata keçirilir”.

Qeyd olundu ki, Azərbaycan teatrının beynəlxalq əlaqələri ildən-ilə genişlənir. Azərbaycan teatrı Beynəlxalq Teatr İnstitutu, Beynəlxalq Teatr Tədqiqatları Federasiyası, Beynəlxalq Teatr Tənqidçiləri Assosiasiyası, Uşaq və Gənclər Teatrları Beynəlxalq Assosiasiyası, Beynəlxalq Kukla Teatrları İttifaqı və Musiqili Teatrların Beynəlxalq Assosiasiyasında təmsil olunur. Dramaturqlarımızın əsərləri dünya səhnələrində tamaşaya qoyulur.

Konfransın işinə uğurlar arzulayan Əbülfəs Qarayev bildirdi ki, ənənəyə çevrilmiş Bakı Beynəlxalq Teatr Konfransı öz ətrafında, sözün əsl mənasında, teatrsevərləri bir araya gətirən səmərəli teatr forumuna çevriləcək və burada müzakirə ediləcək mövzular dünya teatrı üçün öz əhəmiyyətini ilə seçiləcək.

Nazir 2017-ci ildə ölkəmizə keçiriləcək IV Mədəniyyətlərarası Dialoq Forumu haqqında qonaqlara məlumat verdi, teatr sənəti ilə məşğul olan insanları forumda iştiraka dəvət etdi.

Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti, Milli Məclisin Mədəniyyət komitəsinin sərdi, akademik İsa Həbibbəyli, Beynəlxalq Qara Dəniz və Xəzər Dənizi Əməkdaşlıq və Tərəfdaşlıq Fondunun vitse-prezidenti, şahzadə Zolani Mkiva (CAR), Beynəlxalq Teatr Tədqiqatları Federasiyasının prezidenti Cin Qrehem Cons (ABŞ) və Beynəlxalq Teatr İnstitutunun ərəb ölkələri üzrə təmsilçisi İbrahim Assari (Səudiyyə Ərəbistanı) konfransa ev sahibliyi edən Azərbaycana minnətdarlıqlarını bildirdilər, tədbirin işinə uğurlar arzuladılar.

Konfrans işini bölmə iclasları ilə davam etdirdi.

Şərh yaz