“Ölülər”in yeni yozumu… və əbədi uğuru…

oluler1Yaxşı ki, içindən keçirdiyi hər hadisənin, hər faktın üstünə toz çökdürməyi sevən Zamanın üzərindən adlaya bilmədiyi, olduğu mərtəbədən endirməyə qüdrəti çatmadığı əsərlər və müəlliflər var. Elə bəzən bəyənməzlik etdiyimiz Azərbaycan ədəbiyyatının özündə belə… Söhbət klassik nümunələrdən birindən gedir.

Əlbəttə, klassika elə o səbəbdən klassikadır ki, hər zaman dövrlə səsləşir və istənilən mühitin, zamanın tamaşaçısı (oxucusu) onda görə, duya, anlaya, heyrətlənə biləcəyi nələrisə tapmaq imkanı qazanır. Amma… Bu məqamda əgər söhbət dramaturji materialdan gedirsə, əsərlə bərabər mütləq başqa güclər də dövriyyəyə girir – yəni çox şey (hər şey olmasa da) yozumdan (rejissor yozumundan) və təqdimatdan (aktyor təqdimatından) asılı olur…

Ötən həftə Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında ölməz Cəlil Məmmədquluzadənin ölməz “Ölülər”i yenidən oynanıldı. Elmlər Akademiyasının işçiləri üçün. Əsərə quruluşu Xalq artisti Azər Paşa Nemət vermişdi. İki gənc rejissorun – Anar Sadıqov və Əlif Cahangirlinin də zəhməti qeyd edilməlidir. Bir də təbii ki, əsərin elmi məsləhətçisinin – C.Məmmədquluzadə yaradıcılığının tədqiqatçısı akademik İsa Həbibbəylinin prosesdə iştirakı. Bundan başqa, görkəmli bəstəkar Qara Qarayevin “Ölülər” üçün yazdığı musiqini də ümumi mənzərəyə əlavə edək… Bir də aktyor heyətini… Bilməyənlər üçün qeyd edirəm: “Ölülər”də Şeyx Nəsrullahı Xalq artisti Nurəddin Mehdixanlı, Kefli İsgəndəri aktyor Anar Heybətov oynadılar. Onlardan başqa, tamaşada Xalq artistləri Laləzar Mustafayeva, Rafiq Əzimov, Hacı İsmayılov, Əməkdar artistlər Aslan Şirin, Əli Nur, Hicran Nəsirova, Sabir Məmmədov, Elxan Quliyev, Kazım Abdullayev, Məzahir Cəlilov, Kazım Həsənquliyev, Firuz Xudaverdiyev, Mirzə Ağabəyli, Əjdər Həmidov, aktyorlar Ramin Şıxəliyev, Vüsal Mustafayev, Canəli Canəliyev, Elnur Qədirov, Rüstəm Rüstəmov, Xədicə Novruzlu, Ləman İmanova, Rada Nəsibova, Adil Dəmirov və b. iştirak edirdilər.oluler 5

Nəticə? Çox uğurlu alındı.

Açığını deyim ki, tamaşaya gedərkən, – “Klassik əsərdə yeni nə demək olar ki”, – deyə bir düşüncənin içərisində idim və elə də böyük gözləntilərim yox idi. Çünki sarsılmaz ənənələri olan bir teatrda klassik bir əsərin tamaşasına baxacaqdım. Özü də klassik məktəb keçmiş və illərin rejissoru olan Azər Paşa Nemətin quruluşunda… Üstəgəl dəfələrlə tamaşa etdiyimiz “Ölülər”dəki yaddaşımıza az qala əzbərə çökən obrazlar, hadisələr, məlum süjet xətti… Hər şey göz önündə kimi idi. Bir sözlə, başlanğıc bəlli, son bəlli… Sadəcə, aktyorlarda dəyişiklik olacaqdı – o qədər. Amma…

Gördüklərim fərqli bir qənaətə səbəb oldu. Və görünən o idi ki, fərq “sərhəddi” də yetərincə dərin vurulmuşdu.

Nədə idi yozumdakı yenilik?

Əvvəla, “Ölülər” tragikomediyadır və onun səhnə yozumunda nədənsə hər zaman tragediya daha ön planda olub. Daha çox qabardılıb. Hər halda, görə bildiyim tamaşalarda bu belədir. Amma Azər Paşa Nemətovun yozumunda hadisələrin bütün daxili komizmi az qala fontan “çılğınlığı” ilə üzə çıxarılmışdı. İlk səhnələrdən başlayaraq sona qədər də belə davam etdi. Məsələn, gəlinciklə oynayan doqquz yaşlı “gəlincik” qızların Şeyx Nəsrullahın əlinə düşdüyü səhnədə (aktrisaların plastikasına söz ola bilməzdi!)… Yaxud Şeyx Əhmədin itələyə-itələyə “otağa” gətirdiyi qızcığazın yerə dirənən balaca ayaqları və xırdaca addımları, mimikası, plastikası – bir sözlə, hər hərəkəti ən zərif detalına qədər dəqiq hesablanmışdı. Çadra altından baş sallamalar, böyümüş gözlər, ancaq mızıltı ilə sözsüz cavablar, qorxu, qorxunun doğurduğu qaçış, qaçışın yaratdığı gülüş… Bütün bunlar, əslində, situasiyanın komikliyini dəqiq ifadə edirdi. Amma… Eyni zamanda da ağrısını daha kəskin əks etdirir, zərbəsini daha sarsıdıcı vururdu. Lakin bu uğur… ancaq hərəkətlərin, mimikaların üzərində “qurulan” təəssüratla bağlı deyildi. Məsələn, “qurbanlıq” üçün seçilən aktrisanın görkəmi ilə nəhəng və heybətli Şeyx Nəsrullahın (Nurəddin Mehdixanlının zahiri əlamətləri də bu görüntünü əldə etməyə yetəri qədər imkan yaradırdı) görünüşündəki kontrastın böyüklüyü elə faciənin də böyüklüyünə, dərinliyinə diqqət yönəldirdi. “Can alan”

nə qədər böyükdürsə, qurban bir o qədər kiçikdir. Qurbanının başı üstündə duran Şeyx Nəsrullah nə dərəcədə heybətli, dəhşətli və qorxuducu görünürsə, qucağına alıb apardığı (sözün həqiqi anlamında cansız kuklaya dönən) qızcığaz bir o qədər balaca, zərif, öz yaşının həddində “uşaq”, “uşaq” olduğu üçün də çarəsizdir. Bircə elə bu səhnə o dövrün qızlarının taleyini, hüquqsuzluğunu, “kukla kiimi əldə oynandıqlarını” ifadə etmək və mənalandırmaq üçün yetərlidir – çox söz deyir.

Yaxud çox dəqiq bir hesablama ilə yaxalanan daha bir kontrast ölü diriltdiyinə insanları inandıran və avam kütlənin qarşısına çıxan Şeyx Nəsrullahın səhnəyə ləng, əzəmətli (kulisdən) gəlişi, yerişi, görünüşü ilə (təbii ki, şeyx Əhmədi də bu “ansambldan” ayırmırıq) eyni aktyorların gizlənə-gizlənə gəldikləri və aradan çıxaraq qaçdıqları zaman yaranan görüntü arasındakı kontrast idi. Çox maraqlıdır ki, aktyorlar eyni olsalar da, vizual olaraq effekt dəyişmişdi. Avam kütlənin qarşısında görüntü nə dərəcədə əzəmətlidirsə (fiziki anlamda) – qaçış anında da bir o qədər cılız və miskindir (yeri gəlmişkən, qara pərdənin arxasından səhnəyə ilk olaraq parlaq qaşlı üzük taxılan Əlin “daxil olması” da bu anlamda əsaslı və təsirli detal rolunu oynayır. Bunun özü də “parıltı”nın – yalanın təsirini çox yaxşı simvolizə edə bilir).IMG_3465

Daha bir maraqlı yozum əsərin hər bir obrazının konkret və xarakterik cəhətlə qabardılması, fərqləndirilməsi ilə bağlı idi. Belə ki, kütləvi səhnələrdə oynayan fərqli insanların – onlar elə səhnədə də müxtəlif istiqamətlərdə “kütlə axını”nı öz axıcı hərəkətləri yaradırdılar – hər birinə və ayrı-ayrılıqda xarakterik çalarlar verilmişdi. Çox maraqlıdır ki, adətən bu cür kütləvi səhnələrdə detallı ayrıntılardan az istifadə edilir. Edilsə də, bu, bir neçə obrazın fərqində göstərilir. Əsas aksent isə kütləvilik effektinə – bu məqamda kənd əhlinin Şeyx Nəsrullaha inanan eyni tipajlar olmasına – edilir. Amma bu dəfə mahiyyətcə bənzər olan bu obrazların hər biri o dərəcədə koloritlə (fərqli mimika, özünəməxsus jest, hərəkət, xarakterik söz və s.) yüklənmişdi ki, tamaşanın əvvəlindən sonuna qədər davam edən bu eynilik (bu, bir obrazın yadda qalması üçün təkrarlanan eynilik olsa da, ümumilikdə kütləvi səhnələrdə qeyri-adi dərəcədə rəngarənglik, çoxsəslilik yaradırdı) o obrazların xarakterik personaja çevrilməsinə səbəb olurdu. Məsələn,

kütlənin xorla hər “Allah rəhmət eləsin” sözündən sonra çökən pauzanı əlindəki çəliyi bərkdən yerə vuraraq “Allah rəhmət eləsin” deyə qışqıran və “silkələnmə” yardan “intelegent” teleqrafçının təkrarlanan sözlərini qeyd etmək olar. Yaxud Əjdər Həmidovun, Hacı İsmayılovun yaratdıqları obrazların fərqli kaloritlərini… Yeri gəlmişkən bu fərq xarakter etibarı ilə göstərilməklə bərabər İsgəndərin monoloqu zamanı donub qalan obrazların durma şəkillərində – pozalarında da əldə edilir. Donub qalmış kütlənin mövhumat içərisində boğulan eyni avam insanlar olduğu bilgisi səhnədə bir-birindən fərqli görüntülərlə yaradılan müxtəlifliklə qarşı-qarşıya gəlir. Bir sözlə, fərqli insanlar, müxtəlif xarakterlər sükut anında öz duruşları ilə belə bu müxtəlifliyi sərgiləyə bilirlər.

Yeri gəlmişkən, xatırladım ki, 1909-cu ildə yazılan əsər müxtəlif quruluşlarda oynanılıb. Tamaşaya ilk quruluşu Hüseyn Ərəblinski verib – 1916-ci ildə. Rejissorları arasında Mirzağa Əliyev (1919), Əhməd Tiriniç, İsmayıl Hidayətzadə, Rza Darablı, Tofiq Kazımov (1966) da olub. Kefli İsgəndəri Mirzağa Əliyev, Ülvi Rəcəb, Həsən Turabov oynayıb. Şeyx Nəsrullahı ilk dəfə yaradan Əliqulu Qəmküsardan başqa, Məlik Dadaşov kimi möhtəşəm bir ifaçısı olub. Amma bununla belə, “Ölülər”in son quruluşunda Şeyx Nəsrullaha da (Nurəddin Mehdixanlı), Kərbalayi Fatma xanıma da (Laləzar xanım) xüsusi möhür vuruldu. Bir də Hacı Həsəni oynayan əməkdar artist Kazım Abdullayevin rolunu və ustalığını xüsusi vurğulamaq istərdim.

O ki qaldı Kefli İsgəndərə, əlbəttə Anar Heybətov onu özünəməxsus surətdə oynadı. Bu İsgəndər də fərqli idi. Amma əvvəlki keflilərlə müqayisədə bir qədər sönük görünürdü. Bir qədər süst təsir bağışlayırdı. Həvəssiz təsir bağışlayırdı. Yalnız son monoloqunu çıxmaq şərtilə.

Məncə, bu tamaşanın daha bir tapıntısı da balaca Cəlal idi (təəssüf ki, bu balaca aktyorun adını bilmədim). Onun oyunundakı sərbəstlik, səmimiyyət, gələcəyin gözəl bir aktyorunun yetişdiyindən xəbər verir.

Tamaşanın səhnə tərtibatı da maraqlı idi, musiqisi də. Ən anlamlı sonluq isə yerin altından ucalan (“dirilən”), haray çəkən əllər idi ki, onlar müasir dünyamızı

düşünərək, onun bu günündən həyata boylanaraq baxdıqda, çox böyük məna ifadə edir. Bu yalnız bir kəndin “ölülər”inin göyə dirənən əlləri deyildi.

Son olaraq onu da qeyd edim ki, Tofiq Kazımov vaxtilə “Ölülər”i hazırlayanda elmi məsləhətçi kimi Əli Fəhmini teatr dəvət etmişdi. Bir çox səbəblər üzündən. Xüsusilə də ərəb dilini bilməyən, Şeyx Nəsrullahın dilindəki qəliz sözlərin ifadəsində çətinlik çəkən Məlik Dadaşova istiqamət versin deyə. Hər halda, şeyxin dilindəki bu sözlər rolun ifaçısından da, rejissordan böyük məharət tələb edirdi. Və nəticə göstərir ki (budəfəki yozum da daxil olmaqla – hər iki halda), bu addımın müsbət təsiri danılmazdır.

Beləliklə, “Ölülər” növbəti dəfə səhnə həyatına “başladı”. Uğurlu bir şəkildə. Tamaşaçılarda heyrət, rəğbət və xoş hisslər yaradaraq. Razılıqla qarşılanaraq. Ən vacibi isə… Bu premyera bir də onu göstərdi ki, tamaşadan əvvəl akademik İsa Həbibbəylinin dediyi kimi “Bu gün yeni quruluşda tamaşaçıya təqdim olunan “Ölülər” dünya ədəbiyyatında ən mükəmməl dram əsərləri ilə yanaşı durmağa layiqdir. O, dünya dillərinə tərcümə olunarsa, böyük maraq doğurar və insanları həyat və ölüm haqqında yenidən düşünməyə məcbur edər”.

Həqiqətən də Azərbaycan ədəbiyyatının bu klassik nümunəsini dünyaya təqdim etmək haqqında düşünməyin zamanı çoxdan gəlib.

“Ədəbiyyat qəzeti”, Nərgiz Cabbarlı…

Şərh yaz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir