Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında əsgərlərimizə dəstək aksiyası keçirilib

Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında əsgərlərimizə dəstək aksiyası keçirilib. Tədbirdə aprelin 1-dən 2-ə keçən gecədən başlayaraq Ermənistanın Azərbaycana qarşı növbəti silahlı təxribatı nəticəsində həlak olan hərbçi və mülki şəxslərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbirdə çıxış edən teatrın bədii rəhbəri və direktoru, Xalq Artisti Azər Paşa Nemət Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsindən, son dövrlər erməni silahlı qüvvələri tərəfindən cəbhədə baş verən hadisələrdən və əsgərlərimizin qəhrəmanlıqlarından söz açıb.

Bildirilib ki, artıq bir neçə gündür Azərbaycanın kəndləri, yaşayış məntəqələri irimiqyaslı silahlar – top və pulemyotlardan atəşə tutulur, hərbi mövqelərimizə ardıcıl zərbələr endirilir. Ordumuz vətəndaşların təhlükəsizliyini və öz mövqelərini layiqincə qoruyur, düşmənə lazımi cavab verir: “Bu günlər tariximizin yeni mübarizə səhifələri yazılır. Qəhrəman əsgərlərimiz 20 ildən artıqdır ki, düşmən tapdağı altında olan Vətən torpağını yağı düşməndən geri almaq üçün böyük şücaət göstər. Bütün baş verənlər böyük qürurla deməyə əsas verir ki, xalqımız qələbəyə çox yaxındır”.

A. Nemət ikinci cahan savaşında, eləcə də Qarabağ döyüşlərində rejissorlarımızın, aktyorlarımızın göstərdiyi vətənpərvərlikdən söz açıb. Bildirib ki, sənət adamları cəbhələr ölümlə üz-üzə gələrək müharibənin kinoxronikasını yaradırdılar. Milli kinomuz təkcə cəbhədə deyil, böyük çətinliklə də olsa, arxada da öz fəaliyyətini davam etdirib. Respublikamızın müxtəlif teatrlarında fəaliyyət göstərən bəzi istedadlı gənc aktyorlar döyüş meydanlarında həlak oldular. Bu işi davam etdirməyə qadir olan çoxsaylı sənət adamlarının bu gündə torpaqlarımızın azadlığı naminə ön cəbhəyə getməyə hazırdır.

Teatrın direktoru cəbhədə aparılan hərbi əməliyyatların Azərbaycan ordusunun gücünü bir daha göstərdiyini qeyd edib. Bildirilib ki, Ali Baş Komandan, Prezident İlham Əliyevin ətrafında sıx birləşən xalqımız, ələlxüsus gənclərimiz işğal altında olan torpaqlarımızı azad etmək iqtidarındadırlar.

Tədbirdə Xalq artistləri Nurəddin Mehdixanlı, Rafiq Əzimov, Bəsti Cəfərova, Hacı İsmayılov, Məleykə Əsədova, əməkdar artist Məsmə Aslanqızı, aktyor Anar Heybətov çıxış edərək hər an Azərbaycan əsgərinin yanında olduqlarını söyləyiblər.

Prezident İlham Əliyevin uğurlu xarici və daxili siyasətindən söz açan sənət adamları hamını dövlətimizin başçısının ətrafında sıx birləşməyə çağırıb. Qeyd olunub ki, rəsmi Bakı hər zaman Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə və beynəlxalq hüquq normaları çərçivəsində həllinə tərəfdardır. Beynəlxalq təşkilatların atəşkəsin yenidən təmin edilməsi çağırışlarına cavab olaraq Azərbaycan hücumları birtərəfli qaydada dayandırıb. Lakin Ermənistan atəşkəs çağırışlarına məhəl qoymur və ağır silahlarla Azərbaycanın mövqelərinə atəş açmaqda davam edir.

Çıxış edənlər şəhidliyin ən uca zirvə olduğunu, şəhidlərin əziz xatirəsinin hər zaman qəlbimizdə yaşayacağını bildirib.

Şərh yaz