İlham Əsgərov

Əsgərov İlham Elxan oğlu 

Bədii quruluş hissə müdiri

 

İlham Elxan oğlu Əsgərov 28 fevral 1976-cı ildə Bakı şəhərində anadan olub. 2004-cü ildə  Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin  tətbiqi incəsənət, teatr və konsert işləri üzrə prodüser  fakültəsini, 2006-cı ildə teatr rejissoru üzrə  magistr pilləsini bitirib.

        1997-ci ildən Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında çalışan İlham Əsgərov əvvəlcə tikiş sahəsinin müdiri,1998-ci ildən isə bədii quruluş hissə müdiri vəzifəsində çalışır və bu günədək teatrda hazırlanan tamaşaların, «Dədə Qorqud» və bir sıra görkəmli incəsənət xadimlərinin yubiley gecələrinin, eləcə də Ü.Hacıbəylinin Vyanada hazırlanan «Arşın mal alan» tamaşasının  bədii tərtibatını yüksək səviyyədə hazırlamışdır.

         İlham Əsgərov J.Koktonun «İnsan səsi» və M.F.Axundzadənin «Müsyö Jordan və dərviş Məstəli şah» tamaşalarının quruluşçu rejissoru, Ə.Əmirlinin «Mesenat» və M. Frişin «Don Juan» tamaşalarının  geyim üzrə rəssamı, M.M.Seyidzadənin «Füzuli və Əsmər», A.Şaiqin «Eloğlu», «Gəl Novruzum», «Məlikməmməd», X.Həsənovanın «Tülkü, tülkü, tünbəki»,  «Dovşan və şir»və «Şıltaq Şahzadə» nağıl-tamaşalarının, F.Bruknerin «Napaleon», Əfqanın «Oliqarx», Elçinin «Qatil», H.Həsənovun «Qürbətdən məktublar», H.Cavidin «Əmir Teymur», C.Ratrikin «Qocanı öldürməliyik», Y. Oğuzun «Nadir şah», B. Nuşiçin «Nazirin xanımı» İ.Əfəndiyevin «Mənim günahım», Q.Qorinin «Herostratı unudun» A.Şaiqin «Qaraca qız», «Danışan gəlincik», «Biri var idi, biri yox idi»,  N.V.Qoqolun «Müfəttiş», A.Sadıqovun «Buzlar ölkəsində», C.Rodarinin «Çipollino», A.Məmmədovun «İuda», M.S.Ordubadinin «Qılınc və qələm» romanı əsasında «Qətibə İnanc», A.Sadıqovun «Rəqs edən pinqvinlər», X.Həsənovanın «Gəl baharım, gəl yazım», K.Abdullanın «Bir, iki, bizimki», Ç.Aytmatovun «Manqurt», Ə.Əmirlinin «Ah, bu uzun sevda yolu», A.Tolstoyun “Qızıl açar, yaxud Buratinonun macəraları” nağılı əsasında Ə.Cahangirlinin səhnələşdirdiyi «Buratino Axmaqlar ölkəsində» tamaşalarının quruluşçu rəssamıdır.

İlham Əsgərov 2012-ci ildə Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə Y.Vaxtanqov adına Dövlət Akademik Teatrında və Rusiyanın Böyük  Dövlət Teatrında yaradıcılıq təcrübəsi keçmişdir.

2013-cü ildən Azərbaycan Teatr Xadimləri İttifaqının və 2017-ci ildən isə Azərbaycan Rəssamlar İttifaqının üzvüdür.

İlham Elxan oğlu Əsgərov 2015-ci idə Azərbaycan Respublikasının Əməkdar mədəniyyət işçisi fəxri adına layiq görülüb.