Əsgərov İlham Elxan oğlu 

İlham Elxan oğlu Əsgərov 28 fevral 1976-cı ildə Bakı şəhərində anadan olub. 2004-cü ildə  Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin  tətbiqi incəsənət, teatr və konsert işləri üzrə prodüser  fakültəsini, 2006-cı ildə teatr rejissoru üzrə  magistr pilləsini bitirib.

        1997-ci ildən Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında çalışan İlham Əsgərov əvvəlcə tikiş sahəsinin müdiri,1998-ci ildən isə bədii quruluş hissə müdiri vəzifəsində çalışır və bu günədək teatrda hazırlanan tamaşaların, Dədə Qorqud və bir sıra görkəmli incəsənət xadimlərinin yubiley gecələrinin, eləcə də Ü.Hacıbəylinin Vyanada hazırlanan Arşın mal alan tamaşasının  bədii tərtibatını yüksək səviyyədə hazırlamışdır.

         İlham Əsgərov J.Koktonun İnsan səsi və M.F.Axundzadənin Müsyö Jordan və dərviş Məstəli şah tamaşalarının quruluşçu rejissoru, Ə.Əmirlinin Mesenat və M. Frişin Don Juan tamaşalarının  geyim üzrə rəssamı, M.M.Seyidzadənin Füzuli və Əsmər, A.Şaiqin Eloğlu, Gəl Novruzum, Məlikməmməd, X.Həsənovanın Tülkü, tülkü, tünbəkiDovşan və şirŞıltaq Şahzadə nağıl-tamaşalarının, F.Bruknerin Napaleon, Əfqanın Oliqarx, Elçinin Qatil, H.Həsənovun Qürbətdən məktublar, H.Cavidin Əmir Teymur, C.Ratrikin Qocanı öldürməliyik, Y. Oğuzun Nadir şah, B. Nuşiçin Nazirin xanımı İ.Əfəndiyevin Mənim günahım, Q.Qorinin Herostratı unudun”, A.Şaiqin Qaraca qız, Danışan gəlincik, Biri var idi, biri yox idi,  N.V.Qoqolun Müfəttiş, A.Sadıqovun Buzlar ölkəsində, C.Rodarinin Çipollino, A.Məmmədovun İuda, M.S.Ordubadinin Qılınc və qələm romanı əsasında Qətibə İnanc, A.Sadıqovun Rəqs edən pinqvinlər, X.Həsənovanın Gəl baharım, gəl yazım, K.Abdullanın Bir, iki, bizimki, Ç.Aytmatovun Manqurt, Ə.Əmirlinin Ah, bu uzun sevda yolu, A.Tolstoyun “Qızıl açar, yaxud Buratinonun macəraları” nağılı əsasında Ə.Cahangirlinin səhnələşdirdiyi Buratino Axmaqlar ölkəsində, C.Cabbarlının “Yaşar”, S.Aleksiyeviçin “Müharibənin qadın üzü yoxdur”, Ü.Heybərovanın “İnanıram”, X.Həsənovanın “Yeni il sərgüzəştləri”, E.Filipponun “Filumena Marturano”, xalq nağılı əsasında “Sehirli buta”, Nizami Gəncəvinin 880 illik yubileyinə həsr olunmuş  İ.Fəhminin “İsgəndərə yeni namə”, Azər Paşanın “Zəfər yolu”, Evripidin “Medeya”, S.Mrojekın “Yay günü”, xalq nağılı əsasında “Məlikməmməd”, X.Həsənovanın “Göycək Fatma”, Xurşidbanu Natəvanın 190 illiyinə və “Şuşa ili”nə həsr olunmuş İ.Əfəndiyevin “Xurşidbanu Natəvan” tamaşalarının quruluşçu rəssamıdır.

İlham Əsgərov 2012-ci ildə Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə Y.Vaxtanqov adına Dövlət Akademik Teatrında və Rusiyanın Böyük  Dövlət Teatrında yaradıcılıq təcrübəsi keçmişdir.

2013-cü ildən Azərbaycan Teatr Xadimləri İttifaqının və 2017-ci ildən isə Azərbaycan Rəssamlar İttifaqının üzvüdür.

İlham Elxan oğlu Əsgərov 2015-ci idə Azərbaycan Respublikasının Əməkdar mədəniyyət işçisi fəxri adına layiq görülüb.