Elşən Şahin oğlu Cəbrayılov

Aparıcı səhnə ustası

Cəbrayılov Elşən Şahin oğlu 12 iyul 1977-ci ildə Bakı şəhərində aktyor Şahin Cəbrayılovun ailəsində anadan olub.1994-cü ildə Azərbaycan Dövlət İncəsənət Universitetinin dram və kino aktyorluğu fakültəsində,Xalq artisti, professor Cənnət Səlimovanın kursunda təhsil alıb.

1998-ci ildə Azərbaycan Dövlət İncəsənət Universitetinin dram və kino aktyorluğu fakültəsini bitirib.Universitetdə təhsil müddıtində Musiqili Komediya Teatrında balet artisti vəzifəsində çalışıb.Çalışdığı müddət ərzində F.Qarayev, E.D.Filippo“Filumena Marturano”,O.Kazımov,R.Heydər “Qızıl toy”,S. Hacıbəyov,M.Əlizadə “Qızılgül”,E.Sabitoğlu,V.Kalmanovski “Odnajdi v Baqdade” İ.Kalman“Çıqan premyer”,İ.Kalman “Silva” və s. kimi tamaşalara qurulan rəqslərdə oynayıb.

İkinci kursda oxuyanda (1995-ci ildə) Akademik Milli Dram Teatrına dəvət olunaraq,N.Hacızadənin “Qisas qiyamətə qalmaz” tamaşasında Nurlan rolunu ifa edib.1997-ci ildə Akademik Milli Dram Teatrında S.Vurğunun “Fərhad və Şirin” tamaşasında Şiruyyə rolunu ifa edib.

Elşən Cəbrayılov 1999-cu ildə Akademik Milli Dram Teatrının truppasına aktyor qəbul olunub və teatrda aşağıdakı rolları oynayıb.

3-cü ərizəçisi (“Lənkəran xanının vəziri”,M.F.Axundov),İlyas (“Aydın”, C.Cabbarlı), 2-ci aktyor və Kapitan (“Hamlet”,V.Şekspir), Kommunist oğlan (“Hərənin öz payı”,X.Qoca), Kəndli (“Hökmdar və qızı”,İ.Əfəndiyev ),Poçt işçisi (“Poçt şöbəsində xəyal ”,Elçin),Mələk oğlan (“36-dan 6-sı”),Patrik (“Brüsseldən məktublar”,H.Həsənov),Vəkil (“Varlı qadın”,Ə.Əmirli),Fikrət (“ikinci səs”, B.Vahabzadə),Oğlan (“İnsan səsi”,J.Kokto),Miri bəy(“Dirilən adam ”,M.Cəlal),Müsyö Jordan (“Müsyö Jordan və dərviş Məstəli şah”, M.F.Axundzadə),Topuş (“Arılar arasında”, Elçin),Oğul (“Teleskop”, Elçin), Rəşid Axundzadə (“Qürbətdən gələn məktublar”,H.Həsənov),Yago (“Sənətkarın taleyi”,Elçin),Kote (“Xanuma”,Saqarelli),Veneralı (“Şekspir”, Elçin),Rodriqo (“Don Juan və həndəsə”),Narçin (“Qanlı Nigar”, S.Şendil), Mayor Lisanoviç (“Qarabağnamə”,İ.Əfəndiyev),Bred Vinner (“Qocanı öldürməliyik”,C.Patrik),Xlestakov (“Müfəttiş”,Qoqol),Şeyx Əhməd (“Ölülər”C.Məmmədquluzadə),Farmasyon Rüstəm (“Dəli yığıncağı”) və s.

Elşən Cəbrayılov 1994-cü ildən dövlət səviyyəli konsert və tədbirlərin aparıcısıdır. “Space” telekanalında “Qızıl zəng” verilişinin aparıcısı olub.Bir müddət Dövlət Filarmoniyasında və Bakı Dövlət Sirkində aparıcı işləyib. Heydər Əliyev Fondunun təşəbbüsü ilə çəkilən “Bakı,mən səni sevirəm!”filminin “Məhəbbət əfsanəsi” bölümündə Oqtay roluna çəkilib. Azərbaycan Dövlət Televiziyasının “Ünvansız eşq” teleserialında Həkim Ruslan obrazını canlandırıb. 2008-ci ildə Prezident mükafatına  layiq görülüb.

Elşən Cəbrayılov 2009-cu il Azərbaycan Respublikasının Əməkdar artisti fəxri adına layiq görülüb.