Nurəddin Əzulla oğlu Quliyev

Aparıcı səhnə ustası

Nurəddin Əzulla oğlu Quliyev 1956-cı il oktyabr ayının 6-da Cəlilabad rayonu Tahirli kəndində anadan olub.

1974-cü ildə M. Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun dram və kino aktyorluğu fakültəsinə daxil olub. Dahi rejissor Ədil İsgəndərovun rəhbərlik etdiyi kursu 1978-ci ildə başa vurub təyinatla Akademik Milli Dram Teatrına göndərilərək sentyabr ayının 1-dən aktyor truppasına işə götürülüb.

Romantik pafosa, coşqun daxili temperamentə, gözəgəlimli səhnə görkəminə malik aktyordur. Mürəkkəb hadisələr burulğanında mənəvi çarpışmalar keçirən, faciə notlu, dramatik xarakterli qəhrəman rollarını yüksək məharətlə yarada bilir. Onun Akademik teatrın səhnəsində oynadığı rolların siyahısını aşağıdakı görümdə ümumiləşdirmək olar:

Mehdi və İkinci repartyor, Muxtar, («Səhra yuxuları», «Təhminə və Zaur», Anar), Xasay və Hidayət xan, Kamran, Təbriz, Böyük bəy, Məşədi Təhməz, Ayaz Turan («Xurşidbanu Natəvan», «Unuda bilmirəm», «Büllur sarayda», «Mahnı dağlarda qaldı», «Şeyx Xiyabani», «Sevgililərin cəhənnəmdə vüsalı», İ. Əfəndiyev), Eldar və Vaqif («Vaqif», S. Vurğun), Ross («Maqbet»,V. Şekspir), Aydın, Əbu Übeyd («Aydın», «Od gəlini», C.Cabbarlı), Ərtoğrul, Elxan («Afət», («İblis», H.Cavid ), Şair, Şahin, Gurşad («Fəryad», «Rəqabət», «Özümüzü kəsən qılınc», B. Vahabzadə), Yaralı əsgər («Hələ «sevirəm» deməmişdilər…», R. Novruz), İppolit («Fedra», J.Rasin), Rəşid Axundov («Brüsseldən məktublar», H.Həsənov), Bəbir bəy («Dirilən adam», M.Cəlal), Şəmistan ağa («Ölüləri qəbristanlıqda basdırın», İ. Şıxlı), Nemət Həsənzadə («Bu dünyanın adamları», Hidəyət), Vətən («Xəcalət», H.Mirələmov), Hacı Zeynalabdin Tağıyev (“Mesenat”, Ə.Əmirli), Baba (“Arılar arasında”, Elçin).

Aktyor Azərbaycan Dövlət Teleziziyasında Ə. Əhmədovanın «Pəncərədə işıq» (Toğrul), C.Cabbarlının «Solğun çiçəklər» (Bəhram), N.Həsənzadənin «Kimin sualı var?» (İlham), B.Vahabzadənin «Vicdanla üz-üzə» (Hakim) teletamaşalarında iştirak edib. «Dədəm Qorqudun kitabı» dastanın motivləri əsasında «Dədə Qorqud» çoxseriyalı televiziya filmində Bayandur xan, «Bəyaz həyat»da Vüqar Quliyev, «Cavid ömrü»də Əhməd Cavad, «Məhkumlar»da Polkovnik Hacıyev, alman rejissoru F.Xelmerin «Susuzluq və sevgi»də Zaza, ABŞ rejissoru A.Helencerin «Burulğan»da Kişi, «Təlatüm» bədii-televiziya filmində İlyas Şahdağlı, «Cavad xan»da Cavad xan rollarına çəkilib.

Nurəddin Əzulla oğlu Quliyev 1986-cı ildə Naxçıvan Muxtar Respublikasının Əməkdar Artisti, 1998-ci ildə Azərbaycan Respublikasının Əməkdar Artisti, 2002-ci ildə Azərbaycan Respublikasının Xalq Artisti fəxri adlarına layiq görülüb. Prezident mükafatçısıdır.