“Cəhənnəm sakinləri” tamaşası Gürcüstanda böyük maraqla qarşılanıb

Akademik Milli Dram Teatrı kollektivinin Gürcüstanda keçirilən beynəlxalq teatr festivalı çərçivəsində oynadığı “Cəhənnəm sakinləri” tamaşası böyük maraqla qarşılanıb. Teatrın mətbuat xidmətindən verilən məlumata görə, Kutaisidə təşkil olunan “Thetrical İmereti” festivalında sənət ocağının repertuarında olan “Cəhənnəm sakinləri” tamaşası festivalın bağlanış tamaşası kimi oynanılıb. Uğurla nümayiş olunan tamaşa haqqında gürcü teatrsevərləri yüksək fikirlər səsləndiriblər.

Bundan başqa festival çərçivəsində teatrın beynəlxalq əlaqələrinin genişləndirilməsi, müştərək layihələrin həyata keçirilməsi üçün müxtəlif teatrlarla danışıqlar aparılıb.

Xalq yazıçısı Elçin Əfəndiyevin eyniadlı pyesi əsasında hazırlanan “Cəhənnəm sakinləri” səhnə əsərinin müəllifi, quruluşçu rejissoru və rəssamı Xalq artisti Azər Paşa Nemətov, rejissoru Anar Sadıqov, rejissor assistenti Dilbər İsmayılova, musiqi tərtibatçısı Kamil İsmayılovdur.

Tamaşada Azər Dadaşovun musiqisindən istifadə olunub.

Səhnə əsərində xalq artistləri Məleykə Əsədova (Qadın), Nurəddin Mehdixanlı (Qonaq) əməkdar artistlər Elşən Rüstəmov (Kişi), Mehriban Xanlarova, Mirzə Ağabəyli (Qonşu), aktyorlar Vüsal Mustafayev, Elçin Əfəndi, Ləman İmanova, Rüstəm Rüstəmov, Rada Nəsibova, Ramin Şıxəliyev iştirak edib.

Bir cavab yazın