Akademik Milli Dram Teatrı Gürcüstanda beynəlxalq festivalda iştirak edəcək

Akademik Milli Dram Teatrının kollektivi Azərbaycanı Gürcüstanda keçirilən beynəlxalq teatr festivalında təmsil edəcək.

Teatrın mətbuat xidmətindən verilən məlumata görə, Kutaisidə təşkil olunan “Thetrical İmereti” festivalında sənət ocağının repertuarında olan “Manqurt” tamaşası iyunun 19-da, “Cəhənnəm sakinləri” isə iyunun 20-də oynanılacaq.

Festivalın bağlanış tamaşası məhz Akademik Milli Dram Teatrının “Cəhənnəm sakinləri” tamaşası ilə olacaq. Bundan başqa teatrın beynəlxalq əlaqələrinin genişləndirilməsi, müştərək layihələrin həyata keçirilməsi üçün müxtəlif teatrlarla danışıqlar aparılacaq.

“Manqurt” tamaşasının bədii rəhbəri və quruluşçu rejissoru Anar Babalı, rejissoru (diplomant) İzamə Babayeva, rəssamı əməkdar mədəniyyət işçisi İlham Elxanoğlu, işıq rəssamı Rafael Həsənovdur.

Tamaşada əməkdar artistlər Mehriban Xanlarova (Nayman ana), Elşən Rüstəmov (Juan-juan), aktyorlar Ramin Şıxəliyev (Sabitcan, Manqurt​), Vüsal Mustafayev çıxış edəcək.

Xalq yazıçısı Elçin Əfəndiyevin eyniadlı pyesi əsasında hazırlanan “Cəhənnəm sakinləri” səhnə əsərinin müəllifi, quruluşçu rejissoru və rəssamı Xalq artisti Azər Paşa Nemətov, rejissoru Anar Sadıqov, rejissor assistenti Dilbər İsmayılova, musiqi tərtibatçısı Kamil İsmayılovdur.

Tamaşada Azər Dadaşovun musiqisindən istifadə olunub.

Yeni səhnə əsərində xalq artistləri Məleykə Əsədova (Qadın), Nurəddin Mehdixanlı (Qonaq) əməkdar artistlər Elşən Rüstəmov (Kişi), Mirzə Ağabəyli (Qonşu), aktyorlar Vüsal Mustafayev, Elçin Əfəndi, Ləman İmanova, Rüstəm Rüstəmov, Rada Nəsibova, Ramin Şıxəliyev, Xədicə Novruzlu iştirak edirlər.

Bir cavab yazın