Məmmədəli Vəlixanlının 120 illik yubileyi qeyd olunub

Akademik Milli Dram Teatrında Xalq artisti Məmmədəli Vəlixanlının 120 illik yubileyi ilə bağlı anım tədbiri keçirilib. Mədəniyyət Nazirliyi, Teatr Xadimləri İttifaqı, Akademik Milli Dram Teatrı və Azərbaycan Dövlət Teatr Muzeyinin təşkilatçılığı ilə keçirilən tədbirdə Məmmədəli Vəlixanlının həyat və yaradıcılığını əks etdirən fotosərgi nümayiş olunub, onun rol aldığı filmlərdən kadrlar göstərilib.

Xalq artistləri Hacı İsmayılov və Rafiq Əzimov sənətkarın Azərbaycan teatrının inkişafındakı xidmətlərindən danışıblar. Qeyd olunub ki, o, təkcə teatrda deyil, eyni zamanda kinoda da bir-birindən maraqlı obrazlar yaradıb.

Görkəmli sənətkarın nəvəsi, akademik Nailə Vəlixanlı tədbirin təşkilinə görə Mədəniyyət Nazirliyi və Akademik Milli Dram Teatrının rəhbərliyinə təşəkkürünü bildirib.

Daha sonra “Almaz” tamaşası nümayiş olunub. Qeyd edək ki, M. Vəlixanlı “Almaz” pyesinin ilk tamaşasında Ocaqqulu rolunda çıxış edib.

M. Vəlixanlı 1899-cu ildə Bakıda anadan olub. 1920-ci ildə Milli Dram Teatrının xor heyətinə işə qəbul olunub, teatrda işləyə-işləyə Bakı Teatr Texnikumunda təhsilini davam etdirib. Teatr sənətimizin inkişafındakı xidmətlərinə görə Azərbaycan Respublikasının əməkdar artisti (4 dekabr 1938) və xalq artisti (21 iyul 1949) fəxri adlarına layiq görülüb. 12 aprel 1969-cu ildə dünyasını dəyişib. Məzarı Bakıda ikinci Fəxri xiyabandadır.

Bir cavab yazın