“Generalın son əmri” – Vaqif Səmədoğlu 80

Mayın 24-də Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında Xalq şairi Vaqif Səmədoğlunun xatirəsinə həsr olunmuş tədbir keçirilib.

Tədbirdən əvvəl sənət ocağının foyesində görkəmli şairin kitabları, haqqında dövrü mətbuatda yazılan məqalələrdən ibarət sərgiyə baxış olub.

Mədəniyyət naziri Əbülfəs Qarayev görkəmli şairin yaradıcılığı ilə bağlı təəssüratlarını jurnalistlərlə bölüşüb. Qeyd edib ki, V. Səmədoğlu daima yaşayacaq və anılacaq ədiblərdəndir. Azərbaycan ədəbiyyatında özünəməxsus yeri olan şairlərdən sayılan V.Səmədoğlunun şeirləri daima sevilib və seviləcək. “Vaqif Səmədoğlu qeyri-adi ədəbi baxışları ilə seçilən ziyalı idi. Çox şadam ki, belə bir insanla şəxsən tanış olmuşam”, – deyə nazir söyləyib.

Sonra qonaqlar teatrın səhnəsində Ramiz Həsənoğlunun quruluşunda şairin xatirəsinə ithaf edilən “Generalın son əmri” tamaşasına baxıblar.

Səhnə əsərinin quruluşçu rejissoru Xalq artisti Ramiz Həsənoğlu, quruluşçu rəssamı Xalq rəssamı Nazim Bəykişiyev, bəstəkarı isə Əməkdar incəsənət xadimi Cavanşir Quliyevdir.

Mədəniyyət Nazirliyinin sifarişi ilə hazırlanan tamaşada əsas rolları Xalq artistləri Cəfər Namiq Kamal, Sabir Məmmədov, Əjdər Həmidov, Əməkdar artistlər Mehriban Xanlarova, Dilarə Əliyeva, Sənubər İsgəndərli, Almaz Amanova, Ayşad Məmmədov, Rövşən Kərimduxt, Hicran Nəsirova, aktyorlar Rəşad Bəxtiyarov, Ramin Şıxəliyev, Elnar Qarayev və Cümşüd Zeynalov ifa edir.

Qeyd edək ki, tamaşanın premyerası 2014-cü il sentyabrın 19-da baş tutub.

Bir cavab yazın