Mədəniyyət və incəsənət xadimlərinə mükafatlar təqdim olunub

Mayın 16-da Mədəniyyət Nazirliyində Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamları ilə təltif edilmiş mədəniyyət və incəsənət xadimlərinə mükafatlar təqdim olunub.

AZƏRTAC xəbər verir ki, tədbirdə mədəniyyət naziri Əbülfəs Qarayev çıxış edərək ölkəmizdə mədəniyyət və incəsənət sahələrində xidmətləri olan şəxslərə göstərilən dövlət qayğısından danışıb.

Vurğulanıb ki, vaxtilə ulu öndər Heydər Əliyev tərəfindən mədəniyyət və incəsənət xadimlərinə göstərilən diqqət və qayğı bu gün Prezident İlham Əliyev tərəfindən davam etdirilir.

Mədəniyyətimizin dünyada tanıdılması və təbliği istiqamətində görülən işlərdən söz açan nazir Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın bu sahədə xidmətlərini xüsusi qeyd edib.

“Prezident İlham Əliyev hər zaman müxtəlif sahələrdə çalışan insanların əməyini yüksək qiymətləndirərək onları mükafatlandırıb. Ölkə həyatının digər sahələrindən fərqli olaraq, mədəniyyət sahəsində təltif edilənlərin sayı daha çoxdur. Bu da özlüyündə mədəniyyət aləmində əldə olunan nailiyyətləri əks etdirir. Bu gün incəsənət ustalarımız müxtəlif ölkələrdə Azərbaycanı layiqincə təmsil edirlər. Dünyanın dörd bir tərəfindən mədəniyyətimizin əks-sədası gəlir, Azərbaycan mədəniyyətinə dünya xalqlarının marağı gündən-günə artmaqdadır. Ölkəmiz dünya səviyyəsində daha geniş tanınır. Buna səbəb aparılan düzgün siyasət və ölkə rəhbərinin bu siyasətini dəstəkləyən insanlardır. Bu siyasəti dəstəkləyərək mədəniyyət sahəsində çalışan hər kəs daha böyük layihələrə imza atmalı, mədəniyyətimizin tanıdılması üçün yaradıcı potensialını əsirgəməməlidir”,-deyə nazir bildirib.

Sonra ölkə başçısının müvafiq sərəncamları ilə təltif edilmiş mədəniyyət və incəsənət xadimlərinə mükafatların vəsiqə və medalları təqdim olunub.

Sonda fəxri ad alanlar çıxış edərək fəaliyyətlərinə verilən yüksək qiymətə, göstərilən diqqət və qayğıya görə ölkə başçısına dərin minnətdarlıqlarını bildiriblər.

Bir cavab yazın