Firəngiz Mütəllimova yubiley münasibəti ilə təbrik edilib

Akademik Milli Dram Teatrının aparıcı səhnə ustası, Xalq artisti Firəngiz Mütəllimova 60 illik yubileyini qeyd edir.

Bu münasibətlə Azərbaycan Teatr Xadimləri İttifaqının sədri, Akademik Milli Dram Teatrının bədii rəhbər-direktoru, Xalq artisti Azər Paşa Nemətov Firəngiz Mütəllimova ilə görüşərək, Mədəniyyət naziri Əbülfəs Qarayevin təbrik məktubunu ona təqdim edib.

Görüşdə görkəmli aktrisa, Xalq artisti Firəngiz Mütəllimovanın Akademik Milli Dram Teatrının səhnəsində yaratdığı bir-birindən maraqlı obrazlar haqqında söhbət açılıb, ona bundan sonrakı səmərəli və fədakar fəaliyyətində uğurlar arzu olunub.

Firəngiz Mütəllimova onun sənətinə olan diqqət və qayğısına görə nazir Əbülfəs Qarayeva və Xalq artisti Azər Paşa Nemətova təşəkkürünü bildirib.

Qeyd edək ki, Firəngiz Bəhər qızı Mütəllimovaya 1986-cı ildə Naxçıvan Muxtar Respublikasının Əməkdar artisti, 1991-ci ildə Azərbaycan Respublikasının əməkdar artisti və 2000-ci ildə Azərbaycan Respublikasının Xalq artisti fəxri adları verilib.

Akademik Milli Dram Teatrının kollektivi adından Firəngiz Mütəllimovanı təbrik edir, ona uzun ömür, möhkəm cansağlığı və daha böyük yaradıcılıq uğurları arzu edirik.

Bir cavab yazın