ADU-nun tələbələri Azər Paşa Nemətovla görüşüb, “Ölülər” tamaşasına baxıblar

Azərbaycan Dillər Universitetinin (ADU) Azərbaycan ədəbiyyatı kafedrasının müəllimi, filologiya üzrə fəlsəfə doktoru Nuridə Muxtarzadənin təşkilatçılığı ilə Filologiya və Jurnalistika fakültəsinin I kurs 134A və 134B qrup tələbələri Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının bədii rəhbər-direktoru, Xalq artisti Azər Paşa Nemətovla görüş keçiriblər. Görüşdə ADU-nun xəlifə-rektoru Salman Quliyev də iştirak edərək tələbələrə yaxından dəstək olub.

Görüş hər il 27 mart tarixinin Dünya Teatr Günü kimi qeyd edilməsi, tələbələrə həmin ərəfədə Azərbaycan ədəbiyyatı dərsində Cəlil Məmmədquluzadə yaradıcılığının və “Ölülər” əsərinin tədrisi  ilə əlaqədar olub.

Tofiq Kazımov səhnəsində dəyirmi masa arxasında toplaşan tələbələr Azər Paşa Nemətovun bir-birindən maraqlı söhbətləri, tələbəlik illərinin xatirələri, mürəkkəb inkişaf yolu keçmiş Azərbaycan teatrının və  Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının bugünkü vəziyyəti, aktyorların maraqlı rolları, məşqlər zamanı səhnədə yaşanan maraqlı məqamlar və s. ilə yaxından tanış olublar. Həmçinin, Azər Paşa Nemətov Azərbaycanın milli teatr səhnəsinin tarixi və onun kökləri,  nüfuzlu incəsənət xadimlərimiz haqqında gənclərlə maraqlı fikirlərini paylaşıb. O, bu tipli görüşlərin təşkil olunması və tələbələrin incəsənətin müxtəlif növləri ilə yaxından tanış olmasını təqdirəlayiq hesab edib.

Tələbələr Qədirli Mələk, Cəbiyeva Leyla, Quliyeva Gülsum və digərləri də öz növbələrində Azər Paşa Nemətov yaradıcılığı ilə bağlı onlara maraqlı olan suallarla görüşə rəng qatıb.

Sonda müəllim və tələbələr Azər Paşa Nemətovun rejissoru olduğu və Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının səhnəsində tamaşaya qoyduğu Cəlil Məmmədquluzadənin “Ölülər” əsərinə tamaşa ediblər.

Bir cavab yazın