31 mart soyqırımına həsr olunan “Qarabağnamə” tamaşası nümayiş olunub

Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında 31 mart Azərbaycanlıların Soyqırımı Gününə həsr olunan “Qarabağnamə” tamaşası nümayiş olunub. Tamaşanın nümayişindən əvvəl Xalq artistləri Hacı İsmayılov və Ramiz Məlik 31 mart Azərbaycanlıların Soyqırımı Günü haqqında geniş danışıblar. Qeyd olunub ki, 1918-ci ilin 30 mart və 3 aprel tarixləri arasında Bakı şəhərində və Bakı quberniyasının müxtəlif bölgələrində, eləcə də Şamaxı, Quba, Xaçmaz, Lənkəran, Hacıqabul, Salyan, Zəngəzur, Qarabağ, Naxçıvan və digər ərazilərdə Bakı Soveti və Daşnaksütundan olan erməni silahlı dəstələri azərbaycanlılara qarşı qırğın törədib. Rəsmi mənbələrə əsasən soyqırım nəticəsində 12 minə yaxın azərbaycanlı qətlə yetirilib, on minlərlə insan itkin düşüb.

Azərbaycanın Ümummilli lideri Heydər Əliyevin 26 mart 1998-ci il tarixli Sərəncamı ilə 31 mart Azərbaycanlıların Soyqırımı Günü kimi qeyd olunur.

Daha sonra tamaşa nümayiş olunub.

Xalq yazıçısı, görkəmli dramaturq İlyas Əfəndiyevin “Hökmdar və qızı” əsəri əsasında hazırlanan tamaşanın rejissoru Xalq artisti Mərahim Fərzəlibəyov, quruluşçu rəssamı İsmayıl Məmmədovdur.

Səhnə əsərində rolları Xalq artistləri Ramiz Məlik, Firəngiz Mütəllimova, Rafiq Əzimov, Səidə Quliyeva, Əjdər Həmidov, Hacı İsmayılov, Sabir Məmmədov, Ramiz Novruz, Əməkdar artistlər Kazım Abdullayev, Rövşən Kərimduxt, Elxan Quliyev, Əli Nurzadə, Məsmə Aslanqızı, Kazım Həsənquliyev, Aslan Şirin, Mirzə Ağabəyli, Pərviz Bağırov, Elşən Cəbrayılov, Anar Heybətov, aktyorlar Əminə Babayeva, Rəşad Bəxtiyarov, Elnar Qarayev, Ləman İmanova, Elnur Qədirov, Rada Nəsibova ifa edirlər.

Tamaşanın musiqi tərtibatçısı Həmid Kazımzadə, geyim rəssamı Aygün Mahmudova, işıq üzrə rəssamı Rafael Həsənovdur.

Səhnə əsərində XVIII əsrdə Qarabağ xanlığının mərkəzi olan Şuşada baş vermiş tarixi hadisələrdən və Qarabağ hökmdarı İbrahim xanın ictimai-siyasi, ailə-məişət həyatından bəhs edir.

O dövrdə xanlıqlara bölünmüş Azərbaycana yiyələnmək istəyən Rusiya və İranla siyasi əlaqələri və dostluq münasibətlərini bərqərar etməyə çalışan İbrahim xan erməni fitnəkarlığının qurbanı olur.

Bir cavab yazın