“Boş məkanın dolğunluğu-2” adlı eksperimental tamaşalar festivalının açılışı olub

Martın 1-də “YUĞ” Dövlət Teatrında “Boş məkanın dolğunluğu-2” adlı eksperimental tamaşalar festivalının açılışı olub.

Tədbiri “YUĞ” Dövlət Teatrının direktoru İslam Həsənov açaraq belə festivalların teatr sənətinin inkişafında, yaradıcı gənclərin potensialının üzə çıxarılmasında mühüm rol oynadığını qeyd edib. Bildirib ki, teatrın kollektivi eksperimental tamaşalar festivalına dörd səhnə əsəri ilə qatılacaq.

Azərbaycan Teatr Xadimləri İttifaqının sədri, Xalq artisti Azərpaşa Nemətov ölkəmizin teatr həyatı barədə məlumat verib. Vurğulayıb ki, milli teatr prosesində fəal iştirak edən Azərbaycan Teatr Xadimləri İttifaqı müstəqillik illərində müxtəlif formatlı teatr festivalları təşkil edib. Bunlardan dörd “Monotamaşa”, iki “Him-cim” (Pantomim), iki “Eksperimental tamaşalar”, “Festivallar festivalı”, “Milli klassika”, Mədəniyyət Nazirliyi ilə birlikdə Milli Teatr Gününə həsr olunmuş gənc rejissorların “Yeni teatr” Respublika Festivalı, Uşaq tamaşaları festivalı, “Beynəlxalq Çexov Festivalının “İpək yolu” mərhələsi”, “Boş məkanın dolğunluğu”, “2+1” eksperimental teatr festivalı kimi tədbirlər Azərbaycanın teatr həyatında xüsusi canlanma yaradıb. Keçirilən festivallar Azərbaycanın teatr aləmində yeni-yeni adlar üzə çıxarıb, istedadlı gənclərin yetişməsində böyük rol oynayıb.

Diqqətə çatdırıb ki, ittifaqın Mədəniyyət Nazirliyi ilə birlikdə təşkil etdiyi festival görkəmli rejissor Vaqif İbrahimoğlunun xatirəsinə həsr olunub. Festivalda doqquz gün ərzində ölkə teatrları, həmçinin Mədəniyyət və İncəsənət Universitetinin müəllim-tələbə heyəti və Gürcüstan teatrı tərəfindən ümumilikdə 18 tamaşa təqdim olunacaq. Festival iştirakçılarının mükafatlandırma mərasimi martın 10-da Milli Teatr Günü Azərbaycan Teatr Xadimləri İttifaqında reallaşacaq.

Teatrın baş rejissoru, Əməkdar incəsənət xadimi Mehriban Ələkbərzadə festival çərçivəsində teatrın kollektivi tərəfindən nümayiş olunacaq tamaşalar barədə məlumat verib.

Açılışdan sonra Gümrah Ömərin quruluşunda A.B.Kasaresin “Qəbir qazma üsulu” tamaşası təqdim edilib. Səhnə əsərində Əməkdar artistlər Sonaxanım Mikayılova, Vidadi Həsənov, aktyorlar Oqtay Mehdiyev və Mətanət Abbaslı çıxış edib. “Mənəviyyatlı insan qarşısına çıxan hər hansı bir problemi cinayət yolu ilə həll etməyə cəhd göstərirsə, o məhvə məhkumdur” ideyasını aktuallaşdıran tamaşanın məzmunu belədir: iki gənc bir-birini sevir, bir yerdə yaşayır, ailə qurur və öz işlərini qurmağa çalışırlar. İstəyirlər ki, arzuladıqları bu iş gözdən-könüldən uzaq olan bir yerdə qurulsun. Orada yaşasınlar, orada iş qursunlar, bütün həyatlarını ora ilə bağlasınlar. Nəhayət, belə bir yerə rast gəlirlər. Ev alırlar, kafe açmaq üçün ideal bir yer seçirlər, lakin maddi çətinliklə üzləşirlər.

Bir cavab yazın