“Azər Paşa Nemətovun fəaliyyəti, imza atdığı işlər ən xoş sözlərə layiqdir”

 

“Azərbaycan teatr ictimaiyyətinin, teatr prosesində iştirak edən insanların, çoxillik tarixə malik teatrın təəssübünü çəkən, onun daha da inkişafı və təbliği üçün, bir növ, məsul olan qurum kimi Azərbaycan Teatr Xadimləri İttifaqı illərdir ki, fəaliyyət göstərməkdədir. O, çağdaş dövrümüzdə teatr, ona olan kütləvi münasibət, eləcə də teatr ictimaiyyətinin, formalaşmış teatr-tamaşaçı ənənəsinin təşəkkülündə vacib təşkilatdır”.

Bunu Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrının direktoru, əməkdar mədəniyyət işçisi Rəşad Əhmədzadə deyib.

O, bildirib ki, bu ictimai qurum aktyorundan texniki işçisinə, teatrşünasından sadə tamaşaçısınadək teatr adına xidmət edən böyük bir ordunun təmsilçisidir: “Unutmaq olmaz ki, o, teatra, onun təmsilçilərinə xidmət edən və istənilən yaradıcı məsələdə müdafiə imkanına malik böyük təşkilatdır. Hazırda həmin missiyanı hansı formada yerinə yetirməsi və ümumilikdə təşkilat olaraq fəaliyyətinə münasibət bildirmək doğru olmaz. Bildiyimiz kimi, dövlətimizin mədəniyyət siyasətində, ümumilikdə yaradıcılıq sahələrinə münasibətində teatr daim ön plandadır. Bu diqqət və qayğını, milli teatr sənətimizin tərəqqisinə yönələn möhtəşəm layihələri unutmaq olmaz. Onun nəticəsi olaraq teatrlarımız dünyanın ən mötəbər səhnələrində çıxışlar edir, ən məşhur festivallarına qatılır. Odur ki, teatr təmsilçisi olaraq səlahiyyət və mövqeyimizdən asılı olmayaraq, bu prosesdə hamımız yaxından iştirak etməli və yaradılmış geniş imkanlardan ümumilikdə teatrımız adına yararlanmalıyıq. Teatrların, xüsusilə də teatra bağlı bütün təşkilatların ümdə vəzifəsi dövlətimizin, bu sahəyə məsul Mədəniyyət Nazirliyinin qarşıya qoyduğu tələblərin icrasını həyata keçirməkdir. Azərbaycan Teatr Xadimləri İttifaqı da bu mənada vacib hesab etdiyi işləri görür, müvafiq istiqamətlərdə nəzərdə tutduğu layihələri

reallaşdırır. Bu mənada Teatr Xadimləri İttifaqında yaradılan laboratoriyaları, onların reallaşdırdığı tədbirləri, hazırladığı tamaşaları vurğulamaq yerinə düşərdi. Müasir gənclərə dəstək olmaq, onların teatr prosesində aktiv iştirakını təmin etmək üçün yaradılan Yaradıcı Gənclər Laboratoriyası, “Zəfər” teatr studiyası təqdirəlayiqdir.

Teatr-tamaşaçı, teatr-aktyor, teatr-ədəbi proses, teatr-dramaturgiya, teatr-rejissura kimi müxtəlif istiqamətlərin təşəkkül və inkişafı bundan sonra da daim diqqətə saxlanılmalıdır.

İstər tamaşaçı, istərsə də teatr ictimaiyyətinin nümayəndəsi kimi Azər Paşa Nemətov, onun bu sahədəki uzunmüdədətli fəaliyyəti, imza atdığı işlər ən xoş sözlərə layiqdir. Fikrimcə, dövlətimizin, nazirliyimizin ölkənin əsas teatrına bədii rəhbər və direktor təyin etdiyi şəxs haqqında fikir yürütməyin, faliyyətinə qiymət verməyim artıqdır.

Tamaşaçı olaraq son illər quruluş verdiyi “Ölülər” (C. Məmmədquluzadə), “Almaz” (C. Cabbarlı), “Cəhənnəm sakinləri” (E. Əfəndiyev) , “Sinif yoldaşları” (Y. Polyakov) tamaşalarına baxmaq imkanı qazanmışam. Bu tamaşalar özünün maraqlı səhnə təcəssümünü tapan yaxşı nümunələrindəndir. O, rejissor kimi bu tamaşalarda mənsub olduğu teatr məktəbinin forma və üslublarından ustalıqla istifadə etməklə baxımlı, yaddaqalan işlərə imza atıb.

İstər teatr rəhbəri, istər teatra bağlı ictimai təşkilatın sədri, ən əsası, özünün müvafiq yaradıcılıq ənənəsi olan rejissor kimi ona bundan sonrakı fəaliyyətində də uğurlar arzulayır, möhkəm can sağlığı diləyirəm”.

* * *

“Azərbaycan Teatr Xadimləri İttifaqının yaradılmasının 120 illiyi ərəfəsində bu ittifaqa bir zamanlar rəhbərlik etmiş böyük teatr xadimlərini, onların cəfakeş zəhmətlərini xatırlamamaq mümkün deyil”. Bu sözləri isə Sumqayıq Dövlət Dram Teatrının baş rejissoru, xalq artisti Firudin Məhərrəmov deyib.

Daha sonra o əlavə edib: “Mustafa Mərdanov, Zəfər Nemətov, Mehdi Məmmədov, Şəmsi Bədəlbəyli, Həsənağa Turabov kimi böyük sənətkarların bu ittifaq naminə göstərdiyi xidmətlər danılmazdır. Yarandığı gündən Azərbaycan teatrının inkişafı üçün qarşısına böyük məqsədlər qoymuş və zaman-zaman bu məqsədləri gerçəkləşdirməyə çalışan Teatr Xadimləri İttifaqı bu gün də öz qaynar həyatını yaşamaqdadır.

Hal-hazırda Xalq artisti, professor Azər Paşa Nemətovun rəhbərliyi ilə Teatr Xadimləri İttifaqı belə demək mümkünsə, etibarlı əllərdədir. Etibarlı əllərdə deyirəm ona görə ki, Azər müəllim hələ gənc yaşlarından atası, ünlü rejissor Zəfər Nemətovun bu ittifaqda çalışdığı dövrlərdə buranın qaynar yaradıcılıq mətbəxinin havasını udmuş və bir çox mətləbləri əks etmişdir. Sonrakı illərdə bu təcrübədən gen-bol istifadə edərək böyük sənətkar Həsənağa Turabovun rəhbərliyi altında bir çox lahiyələrin həmmüəllifi olmuşdur. 1990-cı illərdən sonra Teatr Xadimləri İttifaqının ərsəyə gətirdiyi bir çox teatr festivalları Azərbaycan teatrında aktyor və rejissor sənətinin daha da püxtələşməsində əhəmiyyətli rol oynamışdır. Çoxsaylı “Mono tamaşalar”festivalı, “Eksperimental tamaşalar” festivalı, “Milli klassika” festivalı, “Festivallar festivalı” bütün teatrların həvəslə qatıldığı lahiyələrdən idi.

Azər Paşa Nemətovun Teatr Xadimləri İttifaqına rəhbərliyə gəlişindən sonra isə bu festivalların arealı daha da genişlənməyə başladı. Gənc rejissorların “Yeni teatr” Respublika festivalı, “Uşaq tamaşaları” festivalı, Beynəlxalq Çexov festivalının “İpək yolu” mərhələsi, “Boş məkanın dolğunluğu” və digər çoxsaylı festivallar Azərbaycanın teatr kollektivlərini dəfələrlə bir araya gətirmiş və Respublikamızda böyük teatr bayramı ab-havasını yaratmışdır.

Heç kimə sirr deyil ki, bu festivalların təşkili, keçirilməsi, kollektivlərin qəbulu, məkan seçimi, sənətçilərin mükafatlandırılması son dərəcə gərgin və zəhmət tələb edən bir işdir. Bütün bunların məsuliyyəti isə Azər müəllim başda olmaqla böyük bir işçi qrupunun çiyinlərinə düşür. Bundan əlavə Teatr Xadimləri İttifaqının təsis etdiyi “Qızıl Dərviş” mükafatı, “Teatr Xadimi” qızıl və gümüş medalları, “Səhnə İşığı” prizi, “Sənətkar medalı” sənət adamlarının yeni yaradıcılıq uğurlarına ruhlandırılması baxımından çox böyük əhəmiyyətə malikdir.

Teatr Xadimləri İttifaqının sənət naminə gördüyü daha bir işin vacibliyini qeyd etmək istəyirəm. Azərbaycan teatrının məşhur simalarının yaradıcılıq gecələrinin yubiley və anma günlərinin keçirilməsi, onların kitablarını, albomların, monoqrafiyaların nəşr olunması, Teatr Xadimləri İttifaqının

demək olar ki, aylıq iş qrafikinə daxildir. Böyük sənətkarların tez-tez xatırlanması, onların yaradıcılıq potensialının təhlili, yaşadıqları mürəkkəb ömür yoluna işıq salınması bu sənətkarlara göstərilən diqqət və sayqıdan əlavə həm də gənc sənətçilərə bir ustad dərsi keçmək qədər əhəmiyyətlidir. Bir zamanlar Mustafa Mərdanov və Zəfər Nemətovun Teatr Xadimləri İttifaqı nəzdində antrepsiz teatrı yaratmaq arzuları çoxlarına bəlli olan bir faktdır. Təəssüflər olsun ki, o dövrün şəraitinə görə bu elə arzu olaraq da qaldı. Lakin 2008-ci ildə Azər Paşa Nemətov Teatr Xadimləri İttifaqının nəzdində “Zəfər teatrı”nı açmaqla bu arzunu gerçəkləşdirməyə nail oldu. Zəfər teatrı bu gün də fəaliyyətdədir. Burda Azər müəllim özünün qurduğu tamaşalardan əlavə gənc nəsil rejissor və aktyorlara da geniş yaradıcılıq imkanları yaradır.

Teatr Xadimləri İttifaqınin həyata keçirdiyi lahiyələrdən biri də gənc dramaturqların, rejissorların, teatrşünasların yaradıcılıq labarotoriyasının fəaliyyətə başlamasıdır. Bu labaratoriyada tanınmış sənət adamlarının ustad dostlarından tutmuş, sənət debatlarının keçirilməsi, müstəqil tamaşaların ərsəyə gəlməsinədək teatrımızın gələcəyi naminə çoxlu işlər görülür. Azər Paşa Nemətovun rəhbərliyi ilə görülən bütün bu işlər Teatr Xadimləri İttifaqının daşıdığı böyük missiyanın ayrı-ayrı bölümləridir. Mən inanıram ki, bu missiyaya yaxşı bələd olan Azər müəllim bundan sonra da yeni-yeni layihələri ilə Teatr Xadimləri İttifaqının faydalı iş əmsalını daha da zənginləşdirəcəkdir.

Eyni yaradıcılıq missiyasını Azər müəllim Akademik Milli Dram Teatrında da həyata keçirir. Teatra rəhbərlik etdiyi 3 il ərzində teatr daxili nizam-intizam, yaradıcılıq atmosferi xeyli dərəcədə yaxşılaşmışdır.

Burda repertuar Akademik Milli Dram Teatrının üslubuna, ruhuna uyğun qurulur. Milli klassik nümunələrdən tutmuş, müasir dramaturqların müxtəlif janrlarda yazdığı əsərləri bu teatrın repertuarında görmək mümkündür.

Tamaşaların feyfiyyətinin və baxımlılığının əsas göstəricisi isə teatrın tamaşaçılarıdır. Bu teatrda bir neçə tamaşa qurmuş rejissor kimi deyə bilərəm ki, eyni tamaşaya bir neçə dəfə təşrif gətirən tamaşaçıları çox görmüşəm. Rəhbərlik tərəfindən teatrda yaradılan və gözəl təchiz olunan kiçik səhnələr Akademik Milli Dram Teatrının tarixində əlamətdar bir hadisədir. A.M.Şərifzadə adına kiçik səhnəni isə xüsusi qeyd etmək

istəyirəm. Yüksək zövqlə qurulmuş bu kiçik səhnə yaradıcılıq üçün bütün zəruri imkanlara cavab verir və bu səhnədə artıq bir neçə maraqlı tamaşa tamaşaçıların ixtiyarına verilib. Akademik Milli Dram Teatrı repertuar tamaşalarından savayı həm də müxtəlif Dövlət tədbirlərinin, məşhur sənət adamlarının yubileyərinin keçirildiyi bir məkandır. Bu tədbirlərin hazırlanıb ərsəyə gəlməsinin əsas yükü teatr rəhbərliyinin və kollektivin üzərinə düşür.

Bütün bu sadaladıqlarım teatrın nə qədər gərgin iş rejimində çalışmasının və qaynar yaradıcılıq atmosferinin göstəricisidir.

Xalq artisti, professor Azər Paşa Nemətova həm Teatr Xadimləri İttifaqında, həm də Akademik Milli Dram Teatrındakı fəaliyyətində bundan sonra da yeni-yeni uğurlar arzulayıram”.

Bir cavab yazın