Uşaqlar və valideynlər danışır: “Akademik Milli Dram Teatrı Yeni il şənliklərini çox gözəl təşkil edib” – SORĞU

Akademik Milli Dram Teatrının kollektivi ənənəvi olaraq bu il də Yeni il şənlikləri və bayram tamaşası ilə azyaşlıları sevindirir. Dekabrın 22-dən başlayan və yanvarın 6-dək davam edəcək bayram tamaşası saat 11:00, 13:00, 15:00 və 17:00-da gündə dörd seans olmaqla təqdim olunur.

Quruluşçu rejissoru Anar Sadıqov olan “Nindza Tısbağalar və kapitan Cekin macəraları” tamaşası uğurla nümayiş olunur.

Səhnə əsərinin rəssamı əməkdar mədəniyyət işçisi İlham Elxanoğlu, rəqslərin  quruluşçusu Lalə Hacıyeva, rejissor assistenti Könül Kərimovadır.

 

Tamaşada iştirak edən şagirdlər öz təəssüratlarını bizimlə bölüşüblər. Uşaqlar, sinif müəllimələri və valideynlər deyir ki, Akademik Milli Dram Teatrı ənənəvi olaraq Yeni il şənliklərini yüksək səviyyədə təqdim edir. Burada istər səliqə-sahman, istər teatr əməkdaşlarının qonaqlara münasibəti, istərsə də hazırlanan proqram hər kəsi məmnun edir. Uşaqlar tamaşada şeir deyir, Şaxta baba və Qar qızla əylənir, rəqs edir və sevimli tamaşalarına baxıb teatrdan sevinclə ayrılırlar. Səhnə əsərinin uğuru həm də ondadır ki, interaktivliyi, rəngarəng geyimləri, rəssam işi, musiqisi, maraqlı süjet xətti ilə uşaqların özlərini də iştirakçıya çevirir. Onlar yer-yerdən aktyorları səsləyir, şər qüvvələri pisləyir, xeyirxah qəhrəmanlara kömək etmək istəyirlər.

Üçüncü sinif şagirdi Elzar Əliyev Yeni il şənliyi haqqında təəssüratlarını bizimlə bölüşdü: “Həqiqətən tamaşa çox xoşuma gəldi. Əvvəlcə Şaxta baba və Qar qız bizi salamladı. Sonra şeir dedik, rəqs elədik. Tamaşadakı işıqlar, aktyorlar, geyimlər çox xoşuma gəldi. Mən birinci dəfədir bu teatra gəlirəm. Bundan sonra hər bayramda gələcəm. Dostlarıma, sinif yoldaşlarıma deyəcəm, onlar da gəlsinlər”

224 saylı orta məktəbin şagirdi Gülnar: “Biz sinif yoldaşlarımızla bir yerdə gəlmişik. “Nindza Tısbağalar və kapitan Cekin macəraları” tamaşası çox xoşumuza gəldi. Yenə olsa, baxarıq. Neçə dəfə baxsaq, doymarıq. Çünki çox gözəldir”.

Məktəbli Hüseyn Bəylərov da Gülnara qoşulur. O, bildirir ki, tamaşada tısbağaları, Kapitan Ceki və digərlərini çox sevib.

Valideyn Leyla Məmmədova da fikirlərini bölüşür. Onun sözlərinə görə bundan sonra bütün bayram şənliklərini məhz Akademik Milli Dram Teatrının kollektivi ilə birgə keçirəcək: “Hər şey yüksək səviyyədədir. Teatr Yeni il şənliyini gözəl təşkil edib. Biz heç vaxt Akademik Milli Dram Teatrına gəlməmişdik. Bilsəydik bu qədər səviyyəli, gözəldir, hər il gələrdik. Tamaşa xüsusən gözəldir. Həqiqətən zövq aldım. Aktyorlar, rejissor işi, geyimlər çox əladır. Tamaşaya təkcə uşaqlar yox, biz özümüz də maraqla baxdıq. Novruz bayramını da burada keçirəcəyik”.

Qaradağ rayon 222 saylı orta məktəbin ibtidai sinif müəlliməsi Gülnarə Şərifova və Nüşabə İmanquliyevadan tamaşa haqqında təəssüratlarını soruşanda hər ikisi razılıq edir və “gəlin, sözü uşaqlara verək” deyirlər. Uşaqlara isə “Şənlik və tamaşa xoşunuza gəldi?” sualını ünvanlayan kimi xorla deyirlər: “Hər şey çox gözəldir”, “Tamaşa çox xoşunuza gəldi”, “Biz yenə gələcəyik”.

Əziz uşaqlar və valideynlər, biz sizi yenə gözləyəcəyik.

Qeyd edək ki, səhnə əsərində Mətləb Abdullayev (Şaxta Baba), İlahə Həsənova (Qar qız), Rada Nəsibova (Leonardo), Nigar Güləhmədova (Rafael), Elnur Qədirov və Elçin Hacıyev (Donatello), Vüsal Mustafayev və İmran Qurbanov (Mikelancelo), əməkdar artist Əlvida Cəfərov (Splinter), aktrisalar Xədicə Novruzlu və Fəridə Şahbazova (Eypril), Rüstəm Rüstəmov (Şredder), Ziya Ağayev və Vüsal Məmmədov (Kapitan Cek), Əməkdar artist Mehriban Xanlarova (Cadugər Qarı), Əməkdar artist Sevinc Əliyeva (Eyprıl), Ləman Fərmanlı (İrma) iştirak edir.

Akademik Mili Dram Teatrının azyaşlı tamaşaçıları bayram şənliyində iştirak edib tamaşaya baxandan sonra onlara hədiyyələr də təqdim olunur. İnanırıq ki, teatrımızın kollektivinin böyük sevgi ilə hazırladığı şənlik uşaqların, eləcə də valideynlərin yaddaşından uzun illər silinməyəcək və onlar növbəti bayramlarını da məhz bizimlə birlikdə qeyd edəcəklər.

Bir cavab yazın