2018-ci il Akademik Milli Dram Teatrı üçün uğurlu premyeralar və qastrol səfərləri ilə yadda qalıb

 

2018-ci il Akademik Milli Dram Teatrı üçün uğurlu premyeralar, müvəffəqiyyətli qastrol səfərləri ilə yadda qalıb. Bu barədə “Kaspi” qəzetinə danışan Teatrın mətbuat xidmətinin rəhbəri Cavid Zeynallı bildirib ki, teatrda yaradıcı əhval il boyu yüksək səviyyədə olub, tamaşalar istər böyük, istərsə də azyaşlı tamaşaçılar tərəfindən böyük maraqla qarşılanıb:

“Teatr təkcə yaradıcı məkan deyil, eyni zamanda kassaya üz tutan tamaşaçı deməkdir. Sevinirəm ki, bizim tamaşaçı repertuardakı uğurlu tamaşaları görür, ətrafdakı insanlardan müsbət rəylər eşidir və öz gözləri ilə görmək üçün yollarını kassadan salır. İl ərzində Akademik Milli Dram Teatrında 9 tamaşa hazırlanıb: “Sinif yoldaşları”, “Ah, bu uzun sevda yolu”, “Buratino”, “Manqurt”, “Bir, iki, bizimki”, “Gəl baharım, gəl yazım”, “Qəribə, çox qəribə əhvalat”, “Şah Qacar” və “Ninza tısbağalar”. Rusiya-Azərbaycan teatr əlaqələrində körpü rolunu oynayan “Sinif yoldaşları” tamaşası Rusiyanın məşhur yazıçı-dramaturqu Yuri Polyakovun eyniadlı əsəri əsasında hazırlanıb. Tamaşanın müəllifi, quruluşçu rejissoru və rəssamı Akademik Milli Dram Teatrının bədii rəhbər-direktoru, Xalq artisti Azər Paşa Nemətovdur. Əli Əmirlinin eyniadlı əsəri əsasında qurulan “Ah, bu uzun sevda yolu” tamaşası isə Mikayıl Müşfiqin 110 illiyinə həsr olunub. Akademik Milli Dram Teatrının kollektivi “İuda” tamaşası ilə Qazaxıstanda, “Manqurt” tamaşası ilə Qırğızıstanda və “Cəhənnəm sakinləri” tamaşası ilə Türkiyədə qastrol səfərlərində olub, tamaşalarımız beynəlxalq münasiflər heyəti tərəfindən yüksək qiymətləndirilərək, mükafata layiq görülüb. İl ərzində Balakən, Zaqatala, Qax və Şamaxıya qastrol səfərləri təşkil olunub. Yola saldığımız ildə Xalq artistləri Sofa Bəsirzadənin, Mehdi Məmmədovun, Mikayıl Müşfiqin, Tofiq Kazımovun, Həsənağa Turabovun və başqalarının yubileyləri qeyd olunub”.

Bir cavab yazın