Akademik Milli Dram Teatrında Milli Qəhrəman Koroğlu Rəhimova həsr olunan tamaşa oynanılıb

Akademik Milli Dram Teatrında Azərbaycanın Milli Qəhrəmanı Koroğlu Rəhimovun 65 illik yubileyinə həsr olunan anım günü keçirilib, teatrın repertuarında olan “Xəcalət” tamaşası nümayiş olunub. Teatrın mətbuat xidmətindən verilən məlumata görə, anım gecəsi Mədəniyyət Nazirliyinin təşkilatçılığı, Azərbaycan Teatr Xadimləri İttifaqı və Akademik Milli Dram Teatrının dəstəyi ilə baş tutub.

Tamaşanın nümayişindən əvvəl xalq artisti, Azərbaycan Teatr Xadimləri İttifaqının sədr müavini Hacı İsmayılov Koroğlu Rəhimovun keçdiyi döyüş yolundan danışıb, onun qəhrəmanlığını gənc nəsil üçün örnək adlandırıb.

Koroğlu Rəhimov Xocalı faciəsindən sonra könüllü olaraq 1992-ci il 17 mart tarixində Azərbaycan Silahlı Qüvvələrinin sıralarına yazılıb. 30 aprel 1992-ci il tarixində “N” saylı hərbi hissədə 2-ci motoatıcı bölüyə hərbi komandir təyin olunub. 13 iyun 1992-ci ildə bölük Goranboy rayonunun Buzluq, Çartaz, Erkəç kəndlərini yaraqlılardan azad edib.

3 iyul 1992-ci ildə bölük Koroğlu Rəhimovun əmri ilə Ağdərə istiqamətində hücuma keçib. Bu istiqamətdə gedən qanlı döyüşlərdə Koroğlu Rəhimov şəhid olub.

Daha sonra tamaşa nümayiş olunub. Yazıçı-dramaturq Hüseynbala Mirələmovun eyniadlı əsəri əsasında səhnələşdirilən “Xəcalət” tamaşasının quruluşçu rejissoru Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının baş rejissoru, əməkdar incəsənət xadimi Bəhram Osmanov, quruluşçu rəssamı İsmayıl Məmmədov, bəstəkarı xalq artisti Səyavuş Kərimidir.

İki hissəli müasir dram olan “Xəcalət” tamaşasında rolları xalq artisti Nurəddin Mehdixanlı, əməkdar artist Mətanət Atakişiyeva, xalq artisti Ramiz Novruz, əməkdar artistlər Əlvida Cəfərov və Məzahir Cəlilov, aktrisa Xədicə Novruzlu ifa edib.

Səhnə əsərində müharibənin yaratdığı faciələr bir ailənin timsalında verilib və qaçqınlığın bu gün dünyanı narahat edən qlobal problemə çevrilməsinə xüsusi diqqət yetirilib.

Tamaşa Qarabağ müharibəsində çiyin-çiyinə vuruşan, lakin müharibədən sonra uzun müddət bir-birindən ayrı düşən iki uşaqlıq dostunun görüşündən bəhs edir.

Nümayişdən sonra xalq artisti Nurəddin Mehdixanlı Koroğlu Rəhimovun qəhrəmanlığı, millət, vətən sevgisi haqqında fikirlərini tamaşaçılarla bölüşüb, onu gənclik illərində tanıdığını deyib. Nurəddin Mehdixanlı Milli Qəhrəmanın oğlu Rəşad Rəhimovu səhnəyə dəvət edib. R.Rəhimov atası haqqında xatirələrini bölüşüb, tədbirin təşkilinə görə Mədəniyyət Nazirliyi və Azərbaycan Teatr Xadimləri İttifaqının rəhbərliyinə təşəkkürünü bildirib.

Bir cavab yazın