Bz. Noy 17th, 2019

Azərbaycan Prezidentinə təşəkkür məktubu​

Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Möhtərəm cənab Prezident!

​ Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının 100 illik yubileyinin qeyd olunması haqqında imzaladığınız Sərəncam bütün teatr ictimaiyyəti, eləcə də kollektivimiz tərəfindən böyük ruh yüksəkliyi, sevinc və minnətdarlıq hissi ilə qarşılanıb. Bu Sərəncam, o cümlədən, teatrın mədəni həyatımızdakı rolunun daha da artırılması üçün imzaladığınız digər sənədlər bir daha göstərir ki, xalqımızın ümummilli lideri Heydər Əliyevin müdrik mədəniyyət siyasətini layiqincə davam etdirir, teatr sənətimizə böyük ehtiramla yanaşırsınız. Bu gün bütün teatr xadimləri öz həyatlarında Sizin böyük diqqətinizi, tükənməz qayğınızı hiss edirlər. Bu diqqət və qayğını doğrultmaq üçün bütün kollektivimiz yeni premyeralarla mədəni xəzinəmizi zənginləşdirməyə, tamaşaçıları sevindirməyə çalışır.

Möhtərəm Prezidentimiz!

​ ​ Öz adımdan və Akademik Milli Dram Teatrının ömrünü teatra həsr edən qocaman sənətkarları, böyük mədəniyyətimizi gələcəyə aparan gəncləri adından Sizə təşəkkür edir, qüdrətli ölkəmizin xoşbəxt gələcəyi üçün bütün işlərinizdə bol-bol uğurlar arzu edirik. Tanrı Sizi və doğmalarınızı qorusun!

Hörmət və ehtiram hissi ilə Azər Paşa Nemətov

Azərbaycan Teatr Xadimləri İttifaqının sədri, Akademik Milli Dram Teatrının bədii rəhbər-direktoru, Xalq artisti, professor ​ ​ ​ ​