Azər Paşa Nemətov yenidən Azərbaycan Teatr Xadimləri İttifaqı İdarə heyətinin sədri seçilib

Bakı, 22 oktyabr, AZƏRTAC
Oktyabrın 22-də “Park Inn” otelində Azərbaycan Teatr Xadimləri İttifaqının (ATXİ) XIV konfransı keçirilib.
AZƏRTAC xəbər verir ki, konfransda respublikanın tanınmış mədəniyyət və incəsənət xadimləri, habelə Mədəniyyət Nazirliyinin rəhbərliyi iştirak edib.
Azərbaycan Teatr Xadimləri İttifaqı İdarə heyətinin sədri, Xalq artisti Azər Paşa Nemətov bildirib ki, konfransa seçilmiş 84 nümayəndədən 82 nəfəri qeydiyyatdan keçib, iki nəfər üzrlü səbəbdən iştirak etmir.
O, Azərbaycan teatrının keçdiyi inkişaf yolundan bəhs edib, bu sahəyə dövlət tərəfindən daim diqqət və qayğı göstərildiyini söyləyib. Vurğulanıb ki, Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə təsdiq olunan “Azərbaycan teatrı 2009-2019-cu illərdə” Dövlət Proqramı bunun bariz nümunəsidir. Dövlətin qayğısı, həmçinin sənət adamlarımızın fədakarlığı sayəsində Azərbaycan teatrı yaşayır, inkişaf edir.
Məruzədə hesabat dövründə yaradıcılıq ittifaqının gördüyü işlər barədə məlumat verilib. Görkəmli teatr xadimlərinin yubileylərinin keçirildiyi, onlarla bağlı xatirə albom-kitablarının hazırlanıb nəşr edildiyi, yaxın və uzaq xarici ölkələrdən gəlmiş teatr xadimlərinin iştirakı ilə ustad dərslərinin, eləcə də yaradıcılıq laboratoriyalarının təşkil olunduğu diqqətə çatdırılıb: “Bununla yanaşı, ittifaqın nəzdində müxtəlif teatrlarda çalışan rejissorlar tərəfindən tamaşalar hazırlanıb, Gürcüstan və Bolqarıstan teatrları və teatr təşkilatları ilə yaradıcılıq memorandumları imzalanıb. Sevindirici haldır ki, bu münasibətlər təkcə paytaxt Bakını yox, həm də bölgə teatrlarını da əhatə edir”, – deyə A.Nemətov söyləyib.
Sonra A.Nemətov ATXİ-nin xətti ilə keçirilən festival və müsabiqələr barədə də məlumat verib.
Azərbaycan Teatr Xadimləri İttifaqı Təftiş komissiyasının sədri, Xalq artisti Vaqif Əsədov çıxış edib. Onun çıxışında ötən dövrdə görülmüş işlər, gəlirlər və xərclər barədə geniş məlumat yer alıb.
Ardınca mandat komissiyasının məlumatı dinlənilib.
İclasın sədri, Əməkdar incəsənət xadimi İlham Rəhimli “Azərbaycan teatrı 2009-2019-cu illərdə” Dövlət Proqramının əhəmiyyətini qeyd edərək, proqramın həyata keçirilməsində Mədəniyyət Nazirliyinin böyük rolunun olduğunu vurğulayıb.
Mədəniyyət naziri Əbülfəs Qarayev Azərbaycanda teatr sənətinin daim dövlətin qayğısı ilə əhatə olunduğunu bildirərək teatrlarımızın yaradıcılıq fəaliyyətinin, beynəlxalq əlaqələrinin genişlənməsinin də diqqətdə saxlanıldığını qeyd edib. Nazir ötən son ildə müvafiq dövlət proqramının necə yerinə yetirildiyi barədə ətraflı məlumat verib. Bildirib ki, bu gün artıq qarşıdakı on il üçün milli teatr prosesinin necə gedəcəyi barədə düşünülməlidir: “Peşəkar teatr bundan sonra necə inkişaf edəcək, milli irs, dəyərlər, adət-ənənələr bu sənətdə necə qorunacaq, eksperimentlər necə aparılacaq kimi suallara cavab vermək, bütün bunların növbəti on il ərzində işləyəcək teatr proqramda əks etdirilməsi barədə düşünmək və həyata keçirilməsi üzərində çalışmaq lazımdır”.
“Teatr cəmiyyətin aynasına çevrilməlidir” deyən nazir Əbülfəz Qarayev Teatr Xadimləri İttifaqının hesabat dövründəki fəaliyyətinin qənaətbəxş hesab etdiyini bildirib.
Sonra hesabat məruzəsi ətrafında çıxışlar olub.
Bakı Xoreoqrafiya Akademiyasının professoru Rafiq Sadıqov, Mədəniyyət və İncəsənət Universitetinin kafedra müdiri, dramaturq Əli Əmirli, Bəstəkarlar İttifaqının katibi, Əməkdar incəsənət xadimi Zemfira Qafarova, C.Məmmədquluzadə adına Naxçıvan Dövlət Musiqili Dram Teatrının rejissor-aktyoru, Xalq artisti Kamran Quliyev, Lənkəran Dövlət Dram Teatrının aktyoru, Xalq artisti Qabil Quliyev, Əməkdar artist Azad Şükürov, Xalq artisti, tanınmış rejissor Cənnət Səlimova, teatrşünas Dağlar Yusifov hesabat məruzəsi ətrafında çıxış edərək ittifaqın və ATXİ İdarə heyəti sədrinin fəaliyyətini müsbət, təşrif komissiyasının işini məqbul qiymətləndiriblər.
Fasilədən sonra ATXİ İdarə heyətinin sədri, üzvləri, habelə təftiş komissiyası heyəti ilə bağlı səsvermə keçirilib.
Açıq səsvermə yolu ilə Xalq artisti, professor Azər Paşa Nemətov yekdilliklə Azərbaycan Teatr Xadimləri İttifaqı İdarə heyətinin sədri seçilib.
Sonra təftiş komissiyası əvvəlki heyətdə təsdiq olunub.
ATXİ İdarə heyətinin sədrinin müavinlərini və İdarə heyətinin tərkibini elan etmək üçün tribunaya qalxan sədr Azər Paşa Nemətov əvvəlcə etimada görə konfrans nümayəndələrinə minnətdarlığını bildirib: “Sizin etimadınız o deməkdir ki, mənim həyatım boş keçməyib”.
Hacı İsmayılov və Rafiq Əliyev sədrin müavinləri, Hacı İsmayılov, Rafiq Əliyev, Cənnət Səlimova, Siyavuş Kərimi, Azər Zeynalov və İlham Rəhimli yekdilliklə idarə heyətinin üzvü seçilib.
Konfransın növbəti hesabat dövründə görəcəyi işlər barədə qərar layihəsini Xalq artisti Nurəddin Mehdixanlı, Teatr Xadimləri İttifaqının bəyannaməsini İdarə heyətinin üzvü Hacı İsmayılov oxuyub.
Bununla da Azərbaycan Teatr Xadimləri İttifaqının XIV konfransı öz işini başa çatdırıb.

Please follow and like us: