Azərbaycanın böyük teatr xadimi Mirzağa Əliyevin Cəlil Məmmədquluzadə haqqında olan xatirəsini təqdim edirik. Yazı Mirzağa Əliyevin 1974-cü ildə Bakıda çap olunan “Xatirələrim” kitabından götürülüb.

“1916-cı ilin yay fəsli idi. Tiflisdə Cəlil Məmmədquluzadənin görüşünə getdim. Bir qədər söhbətdən sonra Mirzə Cəlil mənə “Ölülər” pyesini yazıb qurtardığını bildirdi. Sabahısı gün məni nahara dəvət edib pyesi oxudu. Mirzə Cəlilin arzusu əsərin tamaşasını Bakıda göstərmək idi. Bir qədər məsləhətdən sonra Kefli İsgəndər rolunu mənə, Şeyx Nəsrullah rolunu isə Mirzə Əliqulu Qəmküsara verdi. Mirzə Cəlil xahiş etdi ki, məşqlər başlanan zaman mən ona teleqrafla xəbər verim. Özü Bakıda gəlib məşqlərin gedişinə baxmaq və ilk tamaşada iştirak etmək arzusunda idi.

Həmin gün Tiflisdə mənə dedilər ki, Mirzə Cəlil İsgəndər surətinin əsasında naxçıvanlı bir vəkili nəzərdə tutmuşdu. Bu söhbətdən sonra birbaş mənzilimə gəlib şeylərimi yığışdırdım və həmin vəkili tapmaq arzusu ilə Naxçıvana yola düşdüm. Üç gün Naxçıvanı dolaşdım, amma həmin vəkildən xəbər tuta bilmədim. Sonra yerli həvəskar artistlərdən öyrəndim ki, vəkil vəfat edib.

Bakıya “Ölülər” pyesinin məşqinə başladım və həmin gün Mirzə Cəlilə teleqrafla xəbər verdim. Bir həftədən sonra Mirzə Cəlil Bakıya gəlib “İslamiyyə” mehmanxanasının yeddinci otağında yerləşdi. O, hər gün teatra gəlib məşqlərin gedişinə baxıb artistlərə göstərişlər verərdi. Nəhayət “Ölülər” tamaşası göstəriləcək gün gəlib çatdı. Tamaşaçılar “Ölülər” tamaşasını böyük həyəcan, maraq və məhəbbətlə qarşıladılar. Tamaşaçı teatrda çox idi. Belə ki, teatrda boş yer tapmaq mümkün deyildi. Şəhərin hər bir yerində “Ölülər” əsəri barəsində danışılmaqda idi.

Tamaşanın axırında tamaşaçılar artistləri və müəllifi böyük ruh yüksəkliyi ilə alqışlamağa başladılar. Lakin biz nə qədər səy etdiksə, Mirzə Cəlil səhnəyə çıxmadı. O, bu alqışlar altında özünü daha da utancaq hiss edirdi”.

Please follow and like us: