Fevralın 3-də Akademik Milli Dram Teatrında xalq artisti, görkəmli teatr və kino xadimi Hamlet Xanızadənin 75 illik yubileyi ilə əlaqədar anım tədbiri keçirilib. Teatrın mətbuat xidmətindən verilən məlumata görə, anım mərasimi Mədəniyyət və Turizm Nazirliyinin, Azərbaycan Teatr Xadimləri İttifaqının, Akademik Milli Dram Teatrının və Dövlət Teatr Muzeyinin birgə təşkilatçılığı ilə baş tutub.

 

Akademik Milli Dram Teatrının bədii rəhbəri və direktoru, xalq artisti Azər Paşa Nemətov Hamlet Xanızadəni böyük sənətkar, səmimi, qayğıkeş insan kimi dəyərləndirib: “Hamlet Xanızadə böyük istedada malik sənətkar idi. O, Akademik Milli Dram Teatrının səhnəsində bir çox yaddaqalan, teatr tariximizə yazılan obrazlar yaradıb. Mən xoşbəxtəm ki, Hamlet müəllimlə birgə çalışmışam. Hamlet Xanızadənin xatirəsi hər zaman yaşayacaq, yad olunacaq, Azərbaycan teatrı, Azərbaycan tamaşaçısı var olduqca onun xatirəsi də daim yaşayacaq”.

 

Xalq artistləri Firəngiz Mütəllimova, Ramiz Məlik, Ramiz Həsənoğlu, Rafiq Əzimov, xalq şairi Nəriman Həsənzadə Hamlet Xanızadə ilə bağlı xatirələrini bölüşüb, onu böyük səhnə xadimi, qayğıkeş insan kimi xatırlayıblar.

Tədbirdə görkəmli sənətkarın çəkildiyi filmlərdən, teatr səhnəsində yaratdığı rollardan ibarət video çarx nümayiş olunub, Dövlət Teatr Muzeyinin arxivində saxlanılan fotolardan ibarət sərgi təqdim olunub, xalq artisti Ramiz Məlik “İblis” tamaşasından lent yazısının köməkliyi ilə Hamlet Xanızadə ilə dialoqunu canlandırıb, əməkdar artist Aygün Bəylər “Tut ağacı” mahnısını ifa edib.

 

Hamlet Xanızadənin qızı Aygün Xanızadə anım tədbirinin təşkilinə görə Mədəniyyət və Turizm Nazirliyinin və Akademik Milli Dram Teatrının rəhbərliyinə təşəkkürünü bildirib.

 

Tədbirin rejissoru xalq artisti Mərahim Fərzəlibəyov, ssenari müəllifi Çingiz Ələsgərli, rəssamı əməkdar mədəniyyət işçisi İlham Elxanoğlu, aparıcıları əməkdar artist Sabir Məmmədov və aktyor Elçin Əfəndidir.

 

Qeyd edək ki, Hamlet Bəbir oğlu Xanızadə 5 iyun 1941-ci ildə Bakının Şağan kəndində doğulub. 1965-ci ildə Mirzəğa Əliyev adına Azərbaycan Dövlət İncəsənət Universitetini bitirib.

 

Hələ tələbə olarkən onu Azərbaycan Dövlət Akademik Milli Dram Teatrına dəvət ediblər. Qeyri-adi istedadı ilə milyonlarla tamaşaçıların, dinləyicilərin, kino sevərlərin məhəbbətini qazanmış Hamlet Xanızadənin yaratdığı unudulmaz obrazlar milli teatrın həyatında hadisəyə çevrilmişdi. O, 1982-ci ildə Respublikanın Əməkdar artisti fəxri adına layiq görülmüş, 1984-cu ildə isə Azərbaycan SSRİ Dövlət mükafatı laureatı olub.

 

Hamlet Xanızadə Hüseyn Cavidin “İblis”, “Xəyyam”, “Topal Teymur”, Səməd Vurğunun ”Vaqif”, Cəlil Məmmədquluzadənin “Dəli yığıncağı”, Nazim Hikmətin “Şöhrət və ya unudulan adam”, Şekspirin “Antonio” və başqa tamaşalarda, “O qızı tapın”, “Yeddi oğul istərəm”, “Axırıncı aşırım”, “Arxadan vurulan zərbə”, “Qızıl uçurum”, “İmtahan”, “Qoz qabağında şeytan balası”, “Şəhərin yay günləri”, “Babək”, “Nizami”, “Qətl günü” və onlarca başqa bədii filmlərdə unudulmaz, yaddaqalan obrazlar, xarakterlər yaradıb.

 

Görkəmli aktyorumuz Hamlet Xanızadə 3 fevral 1990-cı ildə 49 yaşında vəfat edib. Öz vəsiyyətinə qörə doğulduğu Şağan kənd qəbiristanlığında dəfn edilib.

Please follow and like us: