Həmidov Əjdər

 Əjdər Qüdrət oğlu Həmidov

      Əməkdar Artist

Əjdər Qüdrət oğlu Həmidov 28 sentyabr 1953-cü ildə Dəvəçi rayonunun Mollakomalı kəndində anadan olub. 1979-cu ildə M.A.Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun dram və kino aktyorluğu fakültəsini bitirmişdir. Təyinatla Sumqayıt Dövlət Dram Teatına göndərilən Əjdər Həmidov orada bu rolları oynamışdır:

Vəzir («Lənkəran xanının vəziri” , M.F.Axundov), Qulu ( “Tamahkar”, S.S.Axundov), Milis («Bəxt üzüyü», V.Səmədoğlu), Həfçi Məlik («Adamın adamı», Anar), Sərsəri («Bütün Şərq bilsin», N.Həsənzadə), Dursunəli («Dursunəli və balıbadı», S.Qənizadə) və s.

Əjdər Həmidov 1990-cı ildə Akademik Milli Dram Teatrının artist heyətinə qəbul edilib. Teatrın səhnəsində aşağıdakı rolları oynayıb.

Şeytan (“Özümüzü kəsən qılınc”, B.Vahabzadə), 1-ci kafir (“Burla Xatun”, N.Xəzri), Daşdəmir (“Bu dünyanın adamları”, Hidayət), Vanya Koxa, Müxbir (“Hökmdar və qızı”, “Dəlilər və ağıllılar”, İ.Əfəndiyev), Məşədi Oruc (“Ölülər”, C.Məmmədquluzadə), Şou-Zəli (“Hələ “sevirəm” deməmişdilər…”, R. Novruz), Dito («Kaş araba aşmayaydı…», O.İoseliani), Əmir ( “Füzuli və Əsmər”, M.M.Seyidzadə).

Aktyor “Kişi sözü” (Qasım), “Lətifə” (Əhməd), “Hacı Qara” (Kərəməli), “Girişmə, öldürər”, “Mənim ağ şəhərim”, “İblis qadın”, “Qarabağ şikəstəsi” və s. filmlərinə çəkilib.

Əjdər Həmidov 2002-ci ildə Azərbaycan Respublikasının Əməkdar Artisti fəxri adına layiq görülüb.