Ələsgərli Çingiz

Ələsgərov ÇingizƏdəbi dram hissəsinin rəhbəri

Ələsgərov Çingiz
Ədəbi dram hissəsinin rəhbəri

Yazıçı-dramaturq Çingiz Ağa Əli oğlu Ələsgərli 1952-ci il noyabr ayının 19-da Bakı şəhərində anadan  olub. 1970-ci ildə Bakı şəhəri  62 sayı məktəbi bitirib. 1977-83-cü illərdə Mirzağa Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun “Teatrşünaslıq” fakültəsində təhsil alıb.  

1980-1987-ci illərdə Cəfər Cabbarlı adına Teatr Muzeyində şöbə  müdiri, 1985-1991-ci illərdə Teatr Xadimləri İttifaqında məsləhətçi, 1993-1996-cı illərdə Mədəniyyət Nazirliyində aparıcı  mütəxissis, 1997-2005-ci illərdə Hüseyn Cavidin Ev Muzeyində elmi katib, 2008-2010-cü illərdə Teatr Xadimləri İttifaqında baş  mütəxəssis vəzifələrində çalışıb.

Ç. Ələsgərli uzun illər pedoqoji fəaliyyətlə məşğul olub. O, 2009-2016-cü illərdə Mədəniyyət və İncəsənət Universitetinin “Rejissorluq” fakültəsində “Ssenari yaradıcılığı” fənnini tədris edib.

O, 1978-ci ildən müxtəlif mətbuat orqanlarında bədii-publistik və teatr sənətinə həsr olunan məqalələr çap etdirir. Çingiz Ələsgərli 1985-ci ildən dramaturji yaradıcılıqla məşğuldur. Onun ilk əsəri olan “İxtira” pyesi 1986-cı ildə Mingəçevir Dövlət Dram Teatrında rejissor Füzuli Sərkərov tərəfindən tamaşaya qoyulub.  23 dram  əsərinin, tərcümələrin,səhnələşdirmələrin  və hekayələrin müəllifidir.

Çingiz Ələsgərlinin əsərləri respublikanın bir çox bölgə teatrlarında, o cümlədən, Qazax Dövlət Dram Teatrında, Lənkəran Dövlət Dram Teatrında, Gəncə Dövlət Dram Teatrında, Qusar Dövlət Dram Teatrında, Sumqayıt Dövlət Dram Teatrında, Salyan Dövlət Kukla Teatrında,Naxçıvan  Dövlət  Kukla Teatrında, C.Cabbarlı adına İrəvan Dövlət Dram  Teatrında tamaşaya qoyulub. Onun  “Kəlilə və Dimnə” əsərinin motivləri əsasında yazdığı “Yabançı dostlar” əsəri uzun  müddət Bakı Dövlət  Kukla  Teatrının repertuarında  olub.                                                  

Ç.Ələsgərlinin “Ana  intiqamı” mono-pyesi  Teatr Xadimləri İttifaqının  1994-cü ildə keçirdiyi  mono-tamaşalar  festivalında  xüsusi  mükafata  layiq  görülüb.  “Ana intiqamı” pyesi “Səhnə”qəzetinin  27.07.1993-cü il nömrəsində  çap  olunub.

200-ə yaxın məqaləsi qəzet və jurnallarında dərc olunub.

2006-cı ildə 9 pyesi kitab şəklində çap olunub. 

2016-cı ildə  “Teatr sənətinin  inkişafındakı  xidmətlərinə görə” C.Cabbarlı  adına  Mədəniyyət, Elm və  Təhsilin İnkişafına Yardım  İctimai Birliyi  tərəfindən  “XÜSUSİ  DİPLOM”la  təltif  edilib.

1987-ci ildən Azərbaycan Teatr Xadimləri İttifaqının, 2005-ci ildən Azərbaycan  Yazıçılar Birliyinin  üzvüdür.

Hal-hazırda  Akademik  Milli  Dram  Teatrında  Ədəbi  Dram  Hissəsinin  rəhbəri  vəzifəsində çalışır.

Ailəlidir, 3 övladı  var.